Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb

Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb

30 İyun, 16:20 Sosial mediada paylaşın:

Sahibkarlar üçün Elektron Kredit Platforması hazırlanıb. Platforma vasitəsilə iş adamları banklara müraciət etmək imkanı qazanacaqlar. Maksimum 10 gün ərzində veriləcək kreditlərin məbləği 3 milyon manata qədər olan maliyyəşədirməni nəzərdə tutur. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov keçirdiyi mətbuat konfransında məlumat verib.

Cəmi 15 faizə, 3 il müddətinə, 3 milyon manata qədər güzəştli kredit-Koronovirus pandemiyasının vurduğu ziyandan çıxış üçün dövlətin yeni iqtisadi dəstəyi sahibkarlara belə bir imkan yaradr. Bu məqsədlə Elektron Kredit Platforması fəaliyyətə başladı. Kredit üzrə 12 ay güzəşt müəyyənləşib. Kreditlərin 60 faizi dövlət zəmanəti ilə təklif edilir və alınacaq kreditin 50 faizi subsidiyalaşdırılır. Sahibkarlar kredit almaq üçün hazırladığı biznes layihəsini eyni vaxtda iki banka təqdim edə bilərlər. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, artıq 15 bank sistemə qoşulub. 200 min manata qədər kreditlər 7günə, 200 mindən 3 milyon manatadək kreditlər isə 10 gün ərzində sahibkarlara təqdim olunacaq. 

O, əlavə edib ki. iqtisadiyyatda məhdudlaşdırma başlayan dövrdən indiyədək 130 min sahibkara 155 milyon manat dəstək göstərilib. "Bu, ümumilikdə 310 min işçi sayına bərabər iş yeri deməkdir. Qarşıdakı dövrdə də sahibkarlıq fəaliyyətinin təşviqi davam etdiriləcək. Yaxın vaxtlarda “Sumqayıt Kimya Sənaye Parkı”nda özəl sektora aid 150-200 milyon dollarlıq layihələrin başlanması üçün danışıqlar aparılır. Sentyabrda burada yeni layihələrə başlanıla bilər. Vergi dövriyyəsində isə 4 faiz artım qeydə alınıb. Bir il əvvəlki dövrlə müqayisədə vergilərin toplanmasında 12,9 faiz artım var. COVID-19 pandemiyası ilə əlaqədar ölkəyə idxal 5 faiz azalıb. İxracın azalması isə dünya bazarında neftin ucuzlaşması ilə bağlıdır. Lakin, qeyri-neft sektoru üzrə ixracda artım var və məhsulların dəyəri idxal olunan məhsulların dəyərini üstələyir. Hazırda ölkə iqtisadiyyatına pandemiyanın vurduğu zərər hesablanır. Yaxın vaxtlarda həm də  əmlak və kapital amnistiyası gözlənilir"-deyə nazir əlavə edib.  

 

 

CANLI YAYIM