Koronavirusun indiyədək qeydə alınmamış mutasiyası aşkar olunub

Koronavirusun indiyədək qeydə alınmamış mutasiyası aşkar olunub

29 Mart, 11:28 Sosial mediada paylaşın:

Dünyada COVID-19 diaqnozu qoyulan insanların sayı 127 milyon 800 minə yaxınlaşıb.

Son statistika virusa yoluxanların 2 milyon 796 mindən çoxunun dünyasını dəyişdiyini göstərir.

Malta koronavirusa yoluxmaların artmasının qarşısını almaq üçün yeni məhdudiyyətlər tətbiq edir. Martın 31-dən aprelin 11-dək ictimai yerlərdə 2-dən çox şəxsin toplaşmasına icazə verilməyəcək. Qadağaya əməl etməyənlər üçün cərimə 3 dəfə artırılır. Yeni qayda eyni evdə yaşayan şəxslərə şamil edilməyəcək. Bu gündən isə Maltaya gəlmək istəyənlər COVID-19 testinin neqativ nəticəsinə dair arayış təqdim etməlidirlər. Əks halda bu şəxslər ölkəyə daxil olan kimi testdən keçməli və ya məcburi karantində qalmalı olacaqlar.

Böyük Britaniyada isə bu gündən karantin tədbirlərinin tədricən yumşaldılmasına başlanılacaq. Açıq havada 6 nəfərədək şəxsin qrup halında toplaşmasına, bəzi idman tədbirlərinin keçirilməsinə icazə veriləcək. Bu, karantinin yumşaldılması istiqamətində ilk addımdır. Sosial məsafə qaydaları hələ ki qüvvədə qalacaq.

Avropada yoluxma statistikasına gəlincə, ən çox sutkalıq yoluxma yenə də Fransada qeydə alınıb. Bir gündə 37 mindən çox insanda koronavirus aşkarlanıb. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, reanimasiyada olan COVID xəstələrinin sayı artıb. Hazırda bu rəqəm 4800-dən yuxarıdır. Bu, noyabrda pandemiyanın ikinci dalğası zamanı olan göstəricilərə yaxındır. 

Çexiyada isə koronavirusun indiyədək qeydə alınmamış mutasiyası aşkar olunub. Yeni ştamm Brno şəhərində laboratoriyada aparılan təhlillər zamanı tapılıb. Mütəxəssislər virusun yeni mutasiyasının daha yoluxucu olmadığını, mövcud vaksinlərin bu ştamma qarşı effektiv olduğu qənaətindədirlər.

Fərda Abasova

 

 

CANLI YAYIM