"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ilk televiziya və radio qurumudur.
Hər xalqın milli-mənəvi dəyərlərini, mədəni irsini əks etdirə biləcək bir güzgüyə ehtiyacı var. Bizim də güzgümüz “Mavi ekran”dır. Məhz buna görə də Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq, ölkəmizin zəngin irsini - mədəniyyətini, incəsənətini, ədəbiyyatını dünyaya çatdırmaq və təbliğ etmək istiqamətində Milli Televiziya və Radionun gördüyü işlər danılmazdır. Bunu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin əməkdaşları ilə görüşü zamanı söylədiyi "Azərbaycan Televiziyası xalqımızın milli sərvətidir" – kəlamı ilə bir daha təsdiq etmək mümkündür.
Azərbaycan televiziyası bizi tək özümüzə deyil, bütün dünyaya göstərir. Müasir dövrdə müxtəlif sahələrlə bağlı zəngin verilişlər epopeyası yaradan Ana Televiziyamız, xalqımızın bu günə qədər keçdiyi misli-bərabəri olmayan tarixi qələbələrini, milli-mənəvi dəyərlərimizi nümayiş etdirməklə gələcək nəsllər üçün bir ensklopediya rolunu oynayır.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturuna aşağıdakı qurumlar daxildir:
* Azərbaycan Televiziyası (AzTV)
* İdman TV
* Mədəniyyət TV
* Azərbaycan Radiosu
* Beynəlxalq Radio
AZƏRBAYCAN TELEVİZİYASI (AzTV)
Azərbaycan Televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova "Göstərir Bakı!" sözləri ilə tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.
1957-ci ildən Azərbaycan Televiziyası verilişlərinin həcmini həftədə 5 dəfə – gündəlik 2 saat 20 dəqiqəyə, 1962-ci ildən hər gün 7 saata, 1970-ci illərdən hər gün 10 saata, 1980-ci illərdən hər gün 18 saata çatdırıb. 2005-ci ilin yanvarından isə Ana Televiziyamız 24 saatlıq fasiləsiz yayıma keçib.
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il, 23 mart 213 saylı fərmanı ilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb.
Azərbaycan Televiziyası çox geniş auditoriyaya malikdir. Hazırda tamaşaçılar televiziyanın yayımladığı verilişlərə nəinki vətənimizin hər bir şəhər və kəndində, ən ucqar bölgəsində, həmçinin dünyanın bir çox ölkələrində də baxa bilir. Azərbaycan Televiziyasının Türkiyə, Rusiya, Ukrayna, Iran, Kanada, Özbəkistan və Qazaxıstanda müxbir məntəqələri fəaliyyət göstərir. 2013-cü ildən isə Ərəb ölkələri və Şimali Afrika bürosu fəaliyyətə başlayıb.
2004-cü ilin fevralından AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edilib. "Teleradio" İstehsalat Birliyi mütəxəssislərinin Teleqüllə kompleksində rəqəmsal TV–Up-link stansiyasını quraşdırması nəticəsində Azərbaycan Televiziyasının verilişləri Avropaya "Hot Bird" və "SESAT", Şimali Amerikaya "Galaxy 25", Asiyaya "Turksat 1C" peykləri vasitəsilə yayımlanır. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə Azərbaycan Televiziyası "Avropa keyfiyyəti" medalına layiq görülüb.
Teleradionun salnaməsini vərəqləyərkən, onun səhifələrində istedadlıların və zəhmətin parlaq izləri aydın görünür. Milli Teleradionun ekran və efirini bir-birindən maraqlı, rəngarəng edən verilişlərin bəzəməsi bu ənənənin uğurla davam etdirilməsindən xəbər verir. Bu gün Teleradioda peşəkar yaradıcı heyətlə bərabər, səsi-sözü ilə özünü təsdiq etmiş bacarıqlı jurnalistlər və ali məktəbi yeni bitirib özünü "axtarmağa" gələn gənclər də çalışır. Təbii ki, bu, öz növbəsində müxtəlif məzmunlu yeni-yeni verilişlərin ərsəyə gəlməsinə imkan yaradır.
Hazırda Azərbaycan Televiziyasında siyasi tok-şoular, müxtəlif mövzularda portret, ədəbi-bədii verilişlər, səyahət, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər HD formatda nümayiş etdirilir. Bu səbəbdən də geniş tamaşaçı, dinləyici auditoriyası Azərbaycan Teleradiosunun səsini-sözünü həmişə qəlbinə yaxın bilir.
İDMAN TV
"İdman" telekanalı fəaliyyətə başladığı ilk günlərdən ölkəmizdə idman siyasətinin uğurla həyata keçirilməsi işinə öz töhvəsini verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu idman siyasətinin istər Azərbaycanda, istərsə də xarici ölkələrdə təbliğ və təşviq olunması istiqamətində "İdman" telekanalı əhəmiyyətli rol oynayır.
İdman siyasətinin mühüm tərkib hissəsi həm də ondan ibarətdir ki, yeniyetmə və gənclər idman məşğələlərinə cəlb olunsun, bununla da sağlam gələcək təmin edilsin. 2009-cu il fevral ayının 1-də ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan "İdman" telekanalı, məhz bu mərama xidmət edir. Telekanalın maddi-texniki bazası idman yarışlarından reportajların, ayrı-ayrı proqramların operativ şəkildə və canlı olaraq efirə verilməsinə kifayət qədər şərait yaradır.
Bu günə qədər "İdman" telekanalı müxtəlif növlər üzrə Avropa və dünya çempionatlarında, Yay Olimpiya Oyunlarında atletlərimizin uğurlu çıxışları haqqında müntəzəm məlumatları tamaşaçılara çatdırıb, nəhəng beynəlxalq turnir və çempionatların yayımını təmin edib. Buna misal olaraq Bakı-2015: İlk Avropa Oyunlarını, Bakı-2017: İslam Həmrəyliyi Oyunlarını, 4-cü İslam Həmrəyliyi Oyunlarını, Formula 1 yarışlarını göstərmək olar. Bu idman proqramları müxtəlif qitələrə – 120-dən artıq ölkəyə yayımlanıb, tamaşaçılar Azərbaycan haqqında geniş təsəvvürə malik olub. Bu ənənə hal-hazırda uğurla davam etdirilir. Yarışlardan sonra Prezident İlham Əliyev Azəbaycan Televiziyasının və "İdman" telekanalının yayımladığı proqrqmların keyfiyyətini yüksək qiymətləndirib və kollektivin fəaliyyətini nümunə göstərib. İdman siyasətinin beynəlxalq çərçivədəki müvəffəqiyyətli təbliğinə görə Azərbaycan Televiziyasına Beynəlxalq İdman Yayımı Şirkətinin xüsusi sertifikatı təqdim olunub.
Hazırda telekanalın "İdman-Xəbər", İdman həftəsi", "Şahmat klubu", “Telefitnes”, “30 dəqiqə”, “Sport 303”, “Veloekstrim”, “İdmanda qadınlar” kimi verilişlərində və digər proqramlarında, eyni zamanda, dünyanın ən maraqlı futbol turnirlərindən sayılan –Almaniya Bundesliqası və İngiltərə Premyer Liqasının oyunlarından reportajlar zamanı müxtəlif yaradıcılıq üsulları tətbiq olunur, tamaşaçıların zövqlərinə cavab verən bir sıra müasir texnoloji imkanlar tətbiq edilir. O cümlədən, dünya və Azərbaycan idmanının ulduzları haqqında vaxtaşırı sənədli telefilmlər hazırlanıb efirə verilir.
Telekanalın yaradıcılıq nailiyyətləri ilə birlikdə, texniki uğurları da az olmayıb. 2010-cu il yanvarın 15-dən proqramların peyk vasitəsilə yayımı başlanıb, verilişlərin gündəlik həcmi 15 saata çatdırılıb.
2015-ci il oktyabrın 12-dən "İdman" telekanalı 24 saatlıq iş rejiminə keçib. Hazırda kanalın proqramları HD formatında yayımlanır. Bu yenilik videotəsvirlərin daha rahat vizual qəbuluna imkan yaradır. Dünya ölkələrində idman kanalı açıq efir vasitəsilə yayımlanmır, buna görə maliyyə vəsaiti ödənilir. Respublikamızda isə tamaşaçılar heç bir aylıq haqq ödəmədən "İdman" telekanalının bütün proqramlarına, müxtəlif ölkələrdən ən maraqlı idman yarışlarına baxa bilirlər. Yay və Qış Olimpiya Oyunları, ümumdünya universiadaları, Avropa Gənclərinin Olimpiya Festivalı, müxtəlif növlər üzrə dünya və qitə çempionatları, Formula-1 turnirləri, UEFA Çempionlar Liqası, Avroliqa, habelə Avropa Voleybol Konfederasiyasının ən mötəbər yarışları, həmçinin ölkəmizin milli çempionatları məhz "İdman" telekanalında peşəkarlıqla azarkeşlərə təqdim olunur.
Qeyd edək ki, planetimizdə ən çöx maraq doğuran yarışlardan biri – futbol üzrə dünya çempionatının yayımı 2014 və 2018-ci illərdə "İdman" telekanalına həvalə edilmişdi. 2020-ci il Tokio Olimpiadasının respublikamızda yayım hüququ barədə razılıq əldə olunmuşdu və pandemiya səbəbindən 2021-ci ildə keçirilən Olimpiya oyunlarını milyonlarla tamaşaçı "İdman" telekanalından izləmişdi.
MƏDƏNİYYƏT TV
“Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir". Bu fikri xalqımızın Ümummilli Lideri Heydər Əliyev söyləyib. Həqiqətən də mədəniyyət hər bir xalqın siması hesab olunur. Əgər dünyanı gözəllik xilas edəcəksə, mədəniyyət də bu gözəlliyin tərkib hissəsi ola bilər. Bu baxımdan, Azərbaycan xalqının mədəni irsi və tarixi köklərinə söykənən mədəniyyət amili öz önəmli rolunu qoruyub-saxlamaqdadır. Müasir dünyamızda mövcud olan texnoloji imkanlar isə milli-mənəvi dəyərlərimizin bütün dünyaya təbliğ olunması üçün münbit şərait yaratmaqdadır.
İnsanların tərbiyə olunmasında, mədəni-intellektual fərd kimi inkişaf etməsində ailənin rolu nə qədərdirsə, millətin də millət kimi formalaşmasında, zövqünün, mədəni səviyyəsinin yüksəlməsində telekanalların funksiyası o qədərdir. 2011-ci il fevral ayının 14-də "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin bazasında yaradılmış və qısa müddətdə tamaşaçı rəğbəti qazanmış "Mədəniyyət" telekanalı, məhz belə önəmli missiyanın öhdəsindən uğurla gəlir. Telekanalının əsas məqsədlərindən biri zəngin Azərbaycan mədəniyyətinin bəşəri dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini ölkəmizdə təbliğ etmək, gənc nəslin bədii-estetik zövgünü formalaşdırmaqdır.
Dövlətimizin başçısı cənab İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əsaslı islahatları sürətləndirməyə başladı. Kino, teatr, musiqi, tətbiqi sənət sahələri, tarixi abidələrin qorunması, bərpası ilə bağlı qəbul olunan dövlət proqramları eyni zamanda, Prezidentin mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı sərəncamları bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətin, mənəvi dəyərlərin qorunub saxlanmasına diqqət və böyük qayğı var. Bu sərəncamlarda mədəniyyətimizin bütün sahələrinin inkişafına dövlət tərəfindən həmişə dəstək verildiyi bir daha təsdiqlənir.
"Mədəniyyət" telekanalının açılması da dövlətimizin başçısı cənab İlham Əliyevin mədəniyyətə, incəsənətə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, "Mədəniyyət" telekanalının məhz Azərbaycan Televiziyasının nəzdində yaranması təsadüfi deyil. Azərbaycan Televiziyası təkcə maddi-texniki baxımdan deyil, həm də yaradıcılıq baxımından ölkə teleməkanında təkanverici qüvvəyə çevrilib. Televiziyanın zəngin "Qızıl Fond"unda milli mədəniyyətimizin , incəsənətimizin inkişafında xüsusi xidmətləri olan insanlar haqqında çoxlu lent yazıları, görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar qorunub saxlanır. Azərbaycan Televiziyasının maddi-texniki bazasının dünya standartlarına tam cavab verməsi, proqramların bütün dünyaya yayımlamaq imkanı, uzun illər yığılıb-qorunan mədəniyyət nümunələrinə aid qiymətli lent yazılarının yalnız AzTV-də olması "Mədəniyyət" telekanalının məhz Azərbaycan Televiziyasının bazasında yaranmasını reallaşdırıb.
Verilişlərini HD formatda yayımlayan "Mədəniyyət" telekanalı bütün dünyada seyr edilmək imkanı qazanıb. Bu isə öz növbəsində mədəniyyətimizin dünya miqyasında daha geniş, möhtəşəm təbliği deməkdir.
Qeyd etmək yerinə düşər ki, AzTV-də fəaliyyət göstərən Televiziya Akademiyası da "Mədəniyyət" kanalının peşəkar kadr potensialının təminatına rəvac verib. Bu baxımdan, artıq qürurla və fəxrlə vurğulaya bilərik ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin, milli mənəvi dəyərlərimizin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması istiqamətində gördüyü əvəzsiz işlər uğurla davam etdirilir.
Digər tərəfdən, son illər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin təbliği sahəsində çoxsaylı layihələr həyata keçirilb. Muğam yarışması bu layihələrin tərkib hissələrindən biridir. Məhz bunun nəticəsində də Azərbaycan muğamının dünya miqyasındakı təbliği daha geniş vüsət almağa başlayıb.
"Mədəniyyət" telekanalı fəlaiyyətə başladığı gündən mədəni həyatımızın əsl carçısı olmaq vəzifəsinin öhdəsindən gələ bilir. Paytaxtımızda və ölkəmizin dilbər güşələrində Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bütün irimiqyaslı mədəni tədbirlər məhz "Mədəniyyət" telekanalının vasitəsilə tamaşaçılara çatdırılır. Bu sırada Heydər Əliyev fondunun təşəbbüsü ilə keçirilən respublika və televiziya muğam müsabiqələrini, Qəbələ musiqi festivalını xüsusi qeyd etmək lazımdır.
Hazırda "Mədəniyyət" telekanalı elmin, maarifçiliyin, Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin əsl təbliğatçısına çevrilib. "Mədəniyyət" telekanalının film siyasəti böyük maraq doğurur. Bu kanalda insanın mənəviyyatına mənfi təsir edən filmlərə rast gəlmək qeyri-mümkündür. Burada insanı ruhən saflaşdıran, ona ali hisslər aşılayan və dünya kinosunun inciləri sayılan filmlər nümayiş etdirilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev vurğulayıb: "Millətin mədəniyyətini qorumaq təkcə mədəniyyət xadimlərinin, təkcə bu sahədə işləyən insanların, ziyalıların işi deyil, eyni zamanda dövlət rəsmilərinin, bütün dövlət strukturlarının, qurumlarının vəzifəsidir".
Mədəniyyət millətin vizit kartıdır. Bəli, bu gün belə bir reallığı məhz hər kəsin sevimli telekanalına çevrilmiş "Mədəniyyət" telekanalı əməli fəaliyyəti ilə sübuta yetirir.
AZƏRBAYCAN RADİOSU
Şərqdə ilk radio olan Azərbaycan Radiosu ilk dəfə Azərbaycan Televiziyasından 30 il əvvəl - 1926-cı il noyabrın 6-da "Diqqət, danışır Bakı" sözləri ilə yayıma başlayıb. Həmin gündən ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan eşidilən "qeybdən gələn səs" insanları özünə bağlayıb.
İlk dövrdə Bakı studiyası Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının (keçmiş İsmailiyyə) üçüncü mərtəbəsində cəmi 3 otaqda fəaliyyət göstərib.
Şəhər yayım şəbəkəsinin mərkəzi məntəqəsi sayılan birinci otaqda bütün divarboyu böyük lampalarla təchiz olunmuş aparatlar qoyulmuşdu. Ikinci otaq studiyaya giriş idi. Efirə çıxmaq üçün dəvət olunanlar burada öz növbəsini gözləyirdilər. Ondan sol tərəfdə kiçik bir otaq var idi. Bu otağın divarından studiyanın içərisini görmək və nəzarət etmək üçün balaca bir pəncərə açılmışdı. Pəncərənin qarşısında adi çemodanın içində qurulan aparat bir tərəfdən studiyanın mikrofonunu, digər tərəfdən isə nəqledici xətti birləşdirirdi. Üçüncü otaqda döşəməsinə türkmən xalıları salınmış, divarları tünd yaşıl məxmərlə örtülmüş studiya yerləşirdi. Otağın yuxarı tərəfində mizin üstündə bir mikrofon var idi. Studiyanın ortasında "Steinway" royalı qoyulmuş, divarlar boyu stullar düzülmüşdü. Bu, Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
Bu gün Müstəqil Azərbaycanın həm də dünyadakı tərcümanı, sülhsevər Vətənimizin təmsilçisinə çevrilən Azərbaycan Radiosu haqlı olaraq, "Səsli salnamə" adlandırılır.
Ölkəmizin dövlət maraqlarını, milli mənafeyini, xalq təəssübünü, tarixini, mədəniyyətini, musiqisini, incəsənətini, ədəbiyyatını və xüsusi olaraq qloballaşan dünyada milli dəyərlərini qorumaq, dünyaya çatdırmaq, zənginləşdirmək, inkişaf etdirmək üçün Azərbaycan Radiosu maraqlı proqramları ilə 24 saat dayanmadan dinləyicilərin xidmətindədir.
Azərbaycanın ilk radiosu - Azərbaycan Radiosunu hazırda FM-105, ölkəboyu yayımlanan digər tezliklərdən və dünyanın bir çox ölkələrində fasiləsiz dinləmək mümkündür.
BEYNƏLXALQ RADİO
Beynəlxalq Radio öz verilişləri ilə ilk dəfə 1941-ci il 20 iyul tarixindən efirə çıxır. Tarixi adları Xarici Verilişlər İdarəsi, Xarici Verilişlər Radiosu, Xarici Verilişlər Studiyası olub. 1994-cü ildən isə, böyük siyasi xadim, ulu öndər Heydər Əliyevin göstərişi ilə, Azərbaycan Beynəlxalq Radiosu adlandırılıb. Əvvəllər "Bakının səsi", indi isə "Azərbaycanın səsi" çağırışı ilə efirə çıxan Azərbaycan Beynəlxalq Radiosu müstəqil və suveren Azərbaycanın haqq səsini, reallıqlarını müxtəlif dillərdə dünyaya çatdırmaqdadır.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC) Beynəlxalq Radioda genişmiqyaslı islahatlar həyata keçirir. Bu islahatlar radionun yayım siyasətinin təkmilləşdirilməsi, məzmun keyfiyyətinin artırılması və yeni proqramların tətbiqini əhatə edir. Beynəlxalq Radioda verilişlərin məzmununun yenilənməsi və rəqəmsal platformalara keçid əsas prioritetlər arasındadır. Beynəlxalq Radioda islahatların əsas istiqamətləri - yayım keyfiyyətinin yüksəldilməsi,verilişlərin məzmununun zənginləşdirilməsi və radionun proqram siyasətində yeniliklər tətbiq olunmasıdır. Belə ki, 2024-cü ildə12 dildə yayımlanan Beynəlxalq Radioda mövcud verilişlərin formatı təkmilləşdirilib, yeni proqramlar əlavə edilib. “Azərbaycanın Səsi” çağırışı ilə Azərbaycan dilində hər gün 4 dəfə , türk dilində hər gün 2 dəfə, rus dilində verilişlər hər gün 6 dəfə, ingilis dilində hər gün 5 dəfə, fransız dilində hər gün 5 dəfə, fars dilində hər gün 2 dəfə, ərəb dilində hər gün 2 dəfə, erməni dilində hər gün 5 dəfə, gürcü dilində həftənin I, III və V günü, gündə 2 dəfə, etnik azlıqlarda: ləzgi dilində həftənin I və III günü, gündə 2 dəfə , talış dilində həftənin II və IV günü, gündə 2 dəfə və kürd dilində həftənin II və IV günü, gündə 2 dəfə verilişlər yayımlanır. Efirə bu dillərdə gündəlik xəbərlər, aktual məsələlərin müzakirələri, müsahibələr və bədii proqramlar təqdim olunur.
2024-cü ilin dekabr ayından Beynəlxalq Radio ilə xüsusi layihəyə start verilib. Radio YouTube üzərindən canlı yayıma keçib. Həftənin beş günü, iki dəfə - saat 13:00-dan 14:30 –a kimi və 17:00-dan 18:00 - kimi canlı yayımlar həyata keçirilir. Bu yayımlarda günün aktual ictimai-siyasi mövzusu, Azərbaycanın xarici siyasəti, Qarabağda quruculuq işləri və “Böyük qayıdış” layihəsi, Qarabağ və Qərbi Azərbaycan həqiqətləri, dövlətimizə qarşı aparılan informasiya müharibəsinə Azərbaycanın fakt və həqiqətlərə əsaslanan cavabları və ismarıcları, həmçinin mədəniyyətimizlə bağlı canlı efirdə maraqlı müzakirələr aparılır. Azərbaycan Respublikası multikultural və tolerant ölkə kimi tanındığı üçün bu istiqamətə də xüsusiylə diqqət yetirilir.
2025-ci ilin mart ayından etibarən Beynəlxalq Radioda yeni formatda və səpkidə hazırlanan verilişlər radionun məzmununu daha da zənginləşdirəcək. Xüsusilə tarixi, mədəni, diplomatik və milli-mənəvi dəyərlərə həsr olunmuş proqramlar geniş auditoriyaya ünvanlanıb.
Aşağıda yenilənmiş proqramların siyahısı təqdim olunur:
1. “Şuşanın səsi”
3. “Qərbi Azərbaycan -həqiqətlərin izi ilə”
4. “Böyük Qayıdış”
5. “Tarixin daş kitabələri - Azərbaycan qalaları”
6. “Keçən əsrlərdən Qarabağa gedən yol, tarixin iz saldığı zaman körpüsü - Toponimlər”
7. “Səmalardan gələn səs- Muğam sədası”
8. “Səsimin bayrağı - Ana dilim”
9. “Döyüşçü yolu –Vətən fədailəri”
10. “Azərbaycan qadını və cəmiyyət”
11. “Xalq qəhrəmanları”
12. “Diplomatiya tariximizdən”
13. “Qələbənin qara qızılı- Bakı nefti”
14. “Köhnə Bakı”
15. “Şənbə söhbətləri”
16. “Nəğməli, sehirli ilmələr”
17. “Dilimiz, dinimiz, milli mənəvi dəyərlərimiz”
18. “Gəzək Azərbaycanı, bu yurdu qarış, qarış”
19. “Azərbaycan mətbəxi – nəfis dad”
Qeyd edək ki, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsini nəzərə alaraq, radiomuz “Müstəqil, bütöv, hüquqi Azərbaycan- Konstitusiya və Suverenlik ili” adlı layihə də təqdim edir.
Beynəlxalq Radioda həyata keçirilən islahatlar, radionun informasiya yayımı sahəsində mövqeyini daha da gücləndirib. Yayım keyfiyyətinin yüksəldilməsi, dillərin sayının artırılması, proqram siyasətində yeniliklərin tətbiqi və rəqəmsal platformalarda aktiv iştirak, YouTube üzərindən canlı yayımlar, dinləyici auditoriyasını genişləndirib.
Bu islahatlar nəticəsində Beynəlxalq Radio həm yerli, həm də beynəlxalq səviyyədə Azərbaycanın mədəni irsini, tarixi həqiqətlərini, milli-mənəvi dəyərlərini, eləcə də müasir inkişafını daha geniş auditoriyaya çatdırmağa çalışıraraq, radionun informasiya və mədəniyyət daşıyıcısı kimi rolunu gücləndirib