Bir neçə gün əvvəl Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən, Vergilər naziri vəzifəsindən azad edilən və İqtisadiyyat naziri təyin edilən Mikayıl Cabbarov yeni postunda ilk müsahibəsini Azərbaycan Dövlət Televiziyasının “Həftə” verilişinə verib.
AZTV.AZ xəbər verir ki, nazir qurumun yeni iş prinspiplərini, hədəflərini və nazirliyə birləşdirilən digər iki qurumun – Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin işinin necə tənzimlənəcəyinə aydınlıq gətirib.
M.Cabbarov qeyd edib ki, nazirliyin işi Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun qurulacaq: “Qarşımızda iqtisadi inkişafın sürətləndirilməsi, iqtisadi artım templərinin, xüsusilə qeyri-neft sektorunda sürətləndirilməsi, kiçik və orta biznes üçün şəraitin daimi təkmilləşdirilməsi, azad rəqabət mühitinin təmin edilməsi kimi vəzifələr və hədəflər var. Növbəti həftələrdə qarşımızda duran əsas vəzifələrdən biri həmin hədəflərə necə çatmaq sualına cavab olacaq. Başqa sözlə, İqtisadiyyat Nazirliyinin yenilənmiş iş proqramlarını, hədəflərini ortaya qoyacağıq. Biz öz işimizi müsbət bünövrə üzərində davam etdirəcəyik, quracağıq. Ölkəmizdə makro-iqtsadi vəziyyətə nəzər salsaq, prinsip etibarilə, bizim çox müsbət göstəricilərimiz mövcuddur: xarici borcumuz aşağı səviyyədədir. Makro-iqtisadi sabitlik təmin olunub. Son 10 ay ərzində xüsusilə biz qeyri-formal iqtisadiyyatın formal iqtisadiyyata, yəni kölgə iqtisadiyyatından ağ iqtisadiyyata çıxmaq meyillərini müşahidə edirik. Bunu yeni əmək müqavilələrinin, iş yerlərinin sayının artımında, vergi, gömrük mədaxillərində, bir sıra digər iqtisadi amillərdə görürük”.
Şəffaflığın təmin olunmasında ciddi nəticələr var
Nazir mövcud çatışmazlıqlardan da danışıb: “Maliyyə sektorunda biz banklarda, hesablarda olan vəsaitlərin sürətli artımını müşahidə edirik. Ümumi müsbət tendensiyalar mövcuddur. Eyni zamanda, dövlət başçısının da çıxışlarında qeyd edilən çatışmazlıqlar, hədəflər var. O çatışmazlıqlarla mübarizə aparmaq, hədəflərə nail olmaq İqtisadiyyat Nazirliyinin əsas vəzifəsidir. Həyata keçirdiyimiz işlərdə ana prinsip təmin edilmiş iqtisadi müstəqilliyin qorunub saxlanılması, başqa sözlə desək, Azərbaycan iqtisadiyyatının dövlətimiz qarşısında duran vəzifələrin həlli üçün zəruri olan resurslarını təmin etmək, yeni iş yerlərinin yaradılmasına xidmət etmək, əhalinin məşğulluğunu, iqtisadi fəallığı artırmaq kimi hədəflərdir. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi həm dövlətin, büdcənin, həm də vətəndaşların imkanlarını artırır. Fəaliyyətimizi də bu istiqamətdə quracağıq”.
İnhisarçılığın qarşısının alınması istiqamətində işlər görüləcək
İqtisadiyyat nazirinin sözlərinə görə, bəzi hallarda hələ də antiinhisar sahəsində problemlərə rast gəlinir: “Bazar iqtisadiyyatının bir neçə təməl prinsipi var. Bu prinsiplərdən biri də azad rəqabətdir. Azad rəqabət prinsipinin təmin edilməsi üçün antiinhisar qurumları fəaliyyət göstərir. Azad rəqabət niyə vacibdir, niyə təməl prinsipdir? Ona görə ki, rəqabət olduğu şəraitdə biznesin məhsuldarlığı artır, istehlakçının hüquqları daha aydın şəkildə qorunur. Çünki artıq bazarda satıcı ilə alıcı arasında münasibət bir tərəfin diqtəsinə əsasən deyil, tələb-təklif əsasında qurulur. Bizim iqtisadiyyatda bəzi hallarda antiinhisar sahəsində olan problemlərlə hələ də rastlaşırıq. Bu, özünü müxtəlif amillərlə büruzə verir. İlk növbədə, qiymətlərin nizam-intizamının pozulmasında, bazara çıxışın məhdudlaşdırılmasında. Ona görə bizim başlıca vəzifələrimizdən biri antiinhisar orqanının fəaliyyətini gücləndirmək, onu zəruri mütəxəssislərlə təmin etmək, digər tərəfdən çatışmayan qanunları qəbul etmək, mövcud olan qanunvericiliyin isə tətbiqini gücləndirməkdir”.
M.Cabbarov ən çox verilən “İqtisadiyyat Nazirliyinə birləşdirilən Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi arasında əlaqənin necə həyata keçiriləcəyinə dair sualı da cavablandırıb: “İqtisadiyyat Nazirliyinin əsas hədəfi iqtisadiyyata bütöv bir baxışı əks etdirməkdir. Bunun üçün bir sıra alətlər mövcuddur. Onlardan biri vergi siyasətidir. Vergi siyasətini biz iqtisadiyyatın rəqabətqabiliyyətliliyin bir amili kimi qiymətləndiririk. Bu gün vergi yükünün mövcudluğundan, səviyyəsindən, vergi inzibatçılığı mədəniyyətindən asılı olaraq, istər bir sıra yerli, istər xarici investorlar yeni biznesi başlamaq, yoxsa başlamamaq, hansı ölkədə başlamaq, hansı həcmdə sərmayə yatırmaq kimi suallara cavab və müvafiq qərarlar verir. Bu mənada düşünürəm ki, vergi siyasətinin əsas məqsədlərindən biri məhz iqtisadi imkanların genişlənməsindən ibarət olmalıdır, iqtisadiyyatın rəqabətliliyinə yönəlməlidir. Bu, öz növbəsində iqtisadi inkişafın, fəliyyətin genişlənməsinə gətirib çıxarır. Daha böyük iqtisadiyyatda müvafiq olaraq daha çox vergi mədaxili təmin edilə bilir.
Dövlət əmlakı, dövlət müəssisələri kimi mövzuya gəldikdə, burada da ilk növbədə qeyd olunmalıdır ki, dövlət mülkiyyətində olan bir çox müəssisələrin fəaliyyəti ümumilikdə iqtisadi fəallığa təsir edir. Burada təbii inhisarları qeyd etmək olar – bu, tək Azərbaycanda deyil, hər bir iqtisadiyyatdadır. İnfrasturktur təminatı xidmətlərini təqdim edən qurumların tariflərinin dərəcələri ölkədə iqtisadi fəallığın dərəcəsinə təsir edə bilir. Bu mənada bizim aidiyyəti qurumlarla, dövlətin mülkiyyətində olan şirkətlərlə birgə işləyərək inanıram ki, qarşımızda olan vəzifələri uğurlu şəkildə həll edəcəyik. Biz öz işimizi heç də sıfırdan başlamırıq. Bütün sahələrdə son illər ərzində işlər həyata keçirilib. Bütün nailliyətləri qoruyaraq, bunlara əsaslanaraq çatışmazlıqları işləyərək həyata keçirəcəyik”.
Sahibkarlıq üçün şəffaf mühit
Nazir bildirib ki, sahibkarlar üçün yeni şəraitlər yaradılacaq: “Sahibkarlıq üçün mühit şəffaf olmalıdır, sabit olmalıdır, əlçatan olmalıdır. Burada tək yuxarıda adını çəkdiyimiz qurumlar deyil, digər sahələrlə də yaxından çalışmalıyıq. Burada maliyyə sektorunu, bankları qeyd edə bilərəm.
Sahibkarlar üçün, xüsusən kiçik və orta biznes üçün güclü və peşəkar məsləhət xidmətlərinin təqdim edilməsinə ehtiyac var. Çünki bir sıra hallarda sahibkarların gözəl biznes ideyaları, layihələri olur, amma həyata keçirilə bilmir. Qarşımızda duran vəzifələrdən biri belə alətlərin geniş istifadə edilməsidir”.
Son olaraq İqtisadiyyat naziri sahibkarla dostluq, dost münasibəti təklif edir: “Biz sahibkarlara dostluq, dost münasibəti təklif edirik. Dostluq da ikitərəfli olmalıdır. Dostun - sahibkarların hər hansı problemi olduqda hökumətin müvafiq qurumlarının, ilk növbədə, yəqin ki, İqtisadiyyat Nazirliyinin borcudur ki, həmin problemlə maraqlansın, bunu həll etsin. Sahibkarın da dost kimi üzərinə düşən vəzifələr var - fəaliyyətini şəffaf qurmaq və dövlətin vergilərini ödəmək. Vəssalam. Biz öz tərəfimizdən söz veririk ki, bu dostluğa sadiq olmağa hazırıq və sahibkarları da buna dəvət edirik”.