Qarabağda kənd təsərrüfatı ilə bağlı yeni planlar – Fermerlər böyük qayıdışı gözləyir

Qarabağda kənd təsərrüfatı ilə bağlı yeni planlar – Fermerlər böyük qayıdışı gözləyir

14 Yanvar, 15:00 Sosial mediada paylaşın:

İşğaldan azad olunan ərazilərin təbii ehtiyatları, xüsusilə kənd təsərrüfatı potensialı ölkəmizin iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Artıq bu torpaqlarda kənd təsərrüfatının inkişafı ilə bağlı işlərə başlanılıb. Vaxtilə Qarabağda təsərrüfat sahibi olan sakinlər qayıtdıqdan sonra görəcəkləri işlərin planını qururlar.

İşğaldan əvvəlki dövrdə Qarabağ ərazisi yüksək kənd təsərrüfatı göstəricilərinə malik idi. Ölkədə taxıl, pambıq, üzüm, ət və süd, yun və barama istehsalının çox hissəsi həmin ərazilərin payına düşürdü. İndi regionun aqrar sahədə əvvəlki şöhrətinə qaytarılması üçün hazırlıq işləri görülür. Məskunlaşma prosesi başlayandan sonra kənd təsərrüfatı ilə məşğul olacaq sakinlərin aqrar texnika, toxum, gübrə və digər lazımi vasitələrlə təmin edilməsinə dair planlar hazırlanıb. Bölgədə ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı üçün böyük potensial var.

Zəngilan sakini, əvvəllər rayonda kolxoz sədri işləyən Kazım Ağayev deyir ki, müəssisə üzümçülük, taxılçılıq və heyvandarlıq üzrə ixtisaslaşıbmış: “Oraya gedən kimi ancaq üzümçülüklə məşğul olacağam, bir də arıçılıqla.  Uşaqlarım deyir ki, ata, gedək. Gedəcəyimiz günü gözləyirik”.

Doğma torpağa qayıdacağı günü gözləyənlərdən biri də Nizam Qasımovdur: “Bir hektar yarım üzüm sahəm var idi. Dolanırdıq, yaxşı məhsul götürürdük. O günü gözləyirik ki, gedək, torpaq götürüb əkək, dolanaq”.

Laçının Minkənd kəndindən olan Etibar Babaverdiyev isə bildirir ki, rayonun yaylaqları olduqca bərəkətli idi. Hər il təkcə onların kəndinə on minlərlə heyvan sürüsü yaylağa gətirilərdi. Müsahibimiz yenidən Laçın yaylaqlarına üz tutmağa hazırlaşır: “Çox böyük həvəslə qayıdırıq kəndimizə, öz elimizə, obamıza. Təsərrüfatı böyüdəcəyik. Bizdə heyvandarlıq üçün o qədər münbit şərait var. Ailəliklə həvəslə gözləyirik ki, ərazilər minalardan təmizlənsin, şərait yaransın. Planım odur ki, dövlətin dəstəyi ilə 200 baş iribuynuzlu, 100 arı ailəsi alım”.

Qubadlı rayonun Əfəndilər kənd sakini Allahverdi Mustafayev də keçmişdə böyük ailə təsərrüfatlarının olduğunu deyir. Planlarına gəlincə, kəndə qayıdaraq meyvə bağları salmaq istəyir: “Qayıdacağımız günü səbirsizliklə gözləyirik. Torpaqlarımız münbitdir, kənd təsərrüfatı üçün yararlıdır. Ailəmiz 3 tondan artıq tütün, 100 kiloqram barama verirdi,  heyvandarlıqla məşğul idik. Cənab İlham Əliyevin, dövlətimizin köməkliyi ilə orada həmin təsərrüfatı yenə yaradacağıq”.

Ümumilikdə, işğaldan azad edilən ərazilərimiz hesabına növbəti illərdə əkin balansı xeyli artırılacaq. Sözügedən ərazilərdə kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət başçısının tapşırıqlarına uyğun olaraq işlərə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyi “Azərkosmos” ASC ilə birlikdə faktiki əkinaltı torpaqların da peyk təsvirləri əsasında xəritələşməsini aparıb. Ölkədə kənd təsərrüfatının inkişafına gəlincə, ötən il bu sahə üzrə 2 faiz artım olub. Fermerlərin kənd təsərrüfatı texnikasına tələbatını ödəmək məqsədilə 100-dən çox özəl şirkət vasitəsilə 3 min fermerə 7260 kənd təsərrüfatı texnikasının verilməsi, həmçinin, 8758 baş damazlıq heyvanın satışı maliyyələşdirilib. 2020-ci ildə 3400-dən çox fermerə mikrokreditlər verilib.

Orxan Qasımlı

CANLI YAYIM