146 il əvvəl başlayan əkin

146 il əvvəl başlayan əkin

22 İyul, 10:21 Sosial mediada paylaşın:

E.Ə.59-cu il. ROMA

Sivilizasiyanın inkişafında mühüm yenilikləri ilə izlər buraxmış qədim romalılar hiss edirdilər ki, məlumatların daha böyük kütləyə çatdırılması üçün hansısa daha yeni kommunikasiya vasitəsinə ehtiyac var. Ən yaşlı kütləvi informasiya vasitəsi hesab olunan qəzet bizim eradan əvvəl 59-cu ildə məhz bu zərurətdən meydana gəldi. Bu, bizim indi qəbul etdiyimiz qəzetin ibtidai forması idi - «Günün hadisələri» adlı kağız vərəq əl ilə yazılırdı... Sonra onu ictimai yerləndən asırdılar ki, yazı-pozudan başı çıxanlar oxuya bilsinlər.
Qəzetlərin müasir görünüşü isə XVI əsrdə formalaşdı. Adını “gazzetta” adlı xırda italiyan sikkəsindən götürən “qəzet” anlayışının özü də elə həmin dövrdə yarandı: Venesiyada xəbər vərəqəsinə görə adətən gazetta ödəyirdilər.
Beləliklə, xalqı məlumatlandırmaq zərurətindən yaranan qəzetlər sonrakı mərhələlərdə həm də təbliğat və maarifləndirmə funksiyasını həyata keçirməyə başladı. Qəzet ictimai təfəkkürün inkişafında uzun əsrlər, hətta minilliklər boyu əhəmiyyətli rol oynamaqda, ona yön verməkdə davam etdi...

“ƏKİNÇİ” İLƏ BAŞLANAN YOL

 “Türkmənçay” müqaviləsi Azərbaycanın parçalanmasını rəsmiləşdirdi. Böhranların xalqların, ölkələrin inkişaf tarixində yeni səhifələr açdığı kimi, bu parçalanma da Azərbaycan xalqının milli məfkurəsində yeni mərhələnin başlanğıcına çevrildi.
Milli özündərk prosesinin sürətlənməsi, milli oyanış özünü mədəniyyət, ədəbiyyat nümunələrində ifadə etməyə başladı. Mətbuatın yaranması istiqamətində cəhdlər də məhz bu oyanışdan doğurdu.
1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Закавказский вестник-Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfin xəbəri" adlı Azərbaycanca buraxılan əlavə milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlar idi. 1871-ci ilin martın 19-da rus dilində işıq üzü görən "Bakinskiy listok" də bu cəhdlərin davamı idi. Azərbaycan oxucusu doğma dilində ilk mətbu orqan görmək üçün isə 1875-ci ilədək gözləməli oldu... 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlanan “Əkinçi” milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşdü.

“Əkinçi” – qəzetin adı təsadüfən belə adlanmırdı. O, hansısa bürokratiyanın, sistem aparatının təbliğat orqanı deyildi, o xalqın, lap belə demək mümkünsə, qara camaatın qəzeti idi...
“Əkinçi” milli oyanışın məhsulu kimi ortaya çıxmaqla yanaşı, bu prosesin hərəkətverici qüvvəsinə çevrilməyi də bacardı. Mütərəqqi ideyaların carçısı və tribunası olan "Əkinçi"nin ən ümdə xüsusiyyətlərindən biri ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən inkişaf etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti oldu. O, dini mövhumata, xurafata və cəhalətə qarşı da kəskin çıxışlar edirdi.
Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu mütəmadi surətdə izləyərək “siyasi cəhətdən təhlükəli və etibarsız” kimi qələmə verirdi. Nəticədə, 1877-ci ilin sentyabr ayında “Əkinçi” qəzeti çar hokuməti tərəfindən bağlanır, 1878-ci ildə isə Zərdabi gimnaziyadan muəllimlikdən azad edilir.
“Əkinçi”nin bağlanmasından sonra Azərbaycan dilli mətbuatın yeni nümunələri meydana çıxması xeyli vaxt aldı. Rus dilində nəşr edilən qəzetlər isə Azərbaycan səhifəsi yaratmaq təşəbbüsü göstərsələr də, buna nail ola bilmədilər.

MİLLİ OYANIŞ

Yalnız XX əsrin əvvəllərində Azərbaycan dilli mətnlər qəzet səhifələrinə qayıtdı. Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı "Şərqi-rus" qəzetini bu mənada əsrin pioneri adılandırmaq olardı. Qəzet azərbaycanlı mütəfəkkirləri öz ətrafında birləşdirə bildi. Sonrakı illərdə işıq üz görən “Kaspi”, "Molla Nəsrəddin", "Bakinski raboçi", "Dəbistan", "Hilal", "Tərəqqi", "Tuti", "Tazə həyat", "İttifaq", "Səda", "Həyat", "Füyuzat", "Təzə həyat", "Şəlalə", "Açıq söz", "Dirilik" kimi qəzet və jurnalların da mətbuatımızın inkişafında əhəmiyyətli yerə sahibdirlər.  Xüsusilə "Molla Nəsrəddin" dövrünün mühüm siyasi hadisələrinə səs verir, mütərəqqi qüvvələri, ziyalıları öz ətrafında toplayaraq milli oyanış prosesinə xidmət edirdi.

***
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin aparıcı siyasi xadimlərinin həm bir lider kimi formalaşmasında, həm də onların siyasi fəaliyyətinin gerçəkləşdirilməsində Azərbaycan mətbuatının rolu xüsusilə qeyd edilməlidir. Şübhəsiz, Cümhuriyyət yalnız bir qrup siyasi xadimin təşəbbüsündən doğan nailiyyət deyildi – Şərqin ilk demokratik respublikası cəmiyyətin şüurunda, təfəkküründəki yetkinliyin nəticəsi olaraq yaranmışdı.
Beləliklə, biz Azərbaycan tarixi üçün olduquca vacib tarixi faktın üzərində dayanırıq – ADR-in yaranmasında mətbuatın rolu!

***

Sovet hakimiyyəti illərində isə əksər təhlilçilər o qənaətdədirlər ki, mətbuat əsasən, rejimin ideoloji aləti olaraq intişar tapmağa başladı. Kommunist ideologiyasının təbliğinə səfərbər edilmiş KİV vahid ideoloji çərcivə daxilində eyni mərkəzdən idarə edilərək işləməli oldu.
Ancaq bu fikrə opponent olanlar hesab edir ki, "Kommunist", "Bakinskiy raboçiy" "Vışka", "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Bakı", "Baku", "Ədəbiyyat və incəsənət" və sair tanınmış mətbuat orqanlarında ölkənin iqtisadi, elmi, mədəni inkişafı ilə əlaqədar problemlər də öz əksini tapırdı.

Qəzet çapının texnologiyası da dəyişkən idi. Əgər XIX əsrin sonları, XX əsrin əvvəllərində o, daha çox mexaniki iş idisə, sonrakı dövrlərdə getdikcə daha çox avtomatlaşırdı. Ancaq demək olmaz ki, bu sahədə innovativ dəyişikliklər sürətlə baş verirdi. Hətta 90-cı illərdə belə qəzet çapı tam olaraq avtomatlaşmamışdı.

***

90-cı illərin əvvələrində ölkəni bürüyən xaos, hərc-mərclik Azərbaycanı yeni qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin illərdə ölkədə baş verənlər qəzet səhifələrində də əks olunurdu. Digər bir tərəfdən, ölkədəki vəziyyət jurnalistlərin öz peşə fəaliyyətlərini təhlükəsiz və azad şəkildə həyata keçirmələrinə də mane olurdu.
***

Yalnız Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik və təhlükəsizlik təmin olundu, Azərbaycan bütün sahələrdə inkişaf relsləri üzərinə çıxdı. Müstəqil mətbuatın inkişafı da məhz bu dövrdən sonraya təsadüf etdi. Ölkədə demokratik mühitin formalaşdırılması, sabitliyin bərpa edilməsi jurnalistlərə də geniş meydan açmış oldu. Bu dövr ərzində mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Senzuranın ləğvi barədə qərar isə Azərbaycan mətbuat tarixinin yeni mərhələsinin başlanğıcı idi.

***

6 avqust 1998-ci il tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə Nazirlər Kabineti yanında Mətbuatda və Digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsi ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli Fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli Sərəncam qüvvədən düşmüş hesab edildi.
Mətbuata dövlət nəzarəti olan senzuranın aradan qaldırılmasından sonra beynəlxalq standartlara cavab verən “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” qanunlar qəbul edildi, KİV-in təsis edilməsi və fəaliyyəti üçün qanunvericiliyin təkmilləşdirilməsi, optimal hüquqi mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.
Demokratik dəyərlərin bərqərar olunmasında maraqlı olan dövlətin ali rəhbərliyi azad və milli dəyərlərə söykənən mətbuatın inkişafına da xüsusi həssaslıqla yanaşırdı. Ümummilli lider jurnalistlərin ən böyük dəstəkçisi və səmimi dostu idi.


Dövlət başçısının Sərəncamı ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının silinməsi, mətbuatın yaranmasının 130 illiyi ilə bağlı 140-dan artıq mətbuat nümayəndəsinin fəxri adlar, orden və medallarla, Prezident təqaüdü və digər mükafatlarla təltif olunması, "Əməkdar jurnalist" adının bərpa edilməsi mətbuata göstərilən göstəricisi olmaqla yanaşı, mətbuat üçün ikinci nəfəsin açılması idi.

***

Prezident İlham Əliyevin mətbuata münasibəti təkcə ulu öndərin ənənələrinin davam etdirilməsi ilə kifayətlənmədi, bu istiqamətdə siyasət şaxələndirildi və mətbuatın inkişafı tamamilə yeni mərhələyə qədəm qoydu. Bu mərhələdə milli mətbuatın  Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və xarici informasiya təzyiqlərinin ictimai fikrə təsirinin neytrallaşdırılmasındakı rolu artdı.
Prezident – İlham Əliyev: "Əlbəttə, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da jurnalistika həqiqəti əks etdirməlidir. Bu gün siz də yaxşı bilirsiniz ki, dünya miqyasında bu barədə danışmaq lazımdır, çünki heç də hər zaman belə deyil. Biz görürük ki, dünyanın bir çox ölkələrində informasiya kampaniyaları aparılır. Bu kampaniyalar həm xarici, həm daxili xarakter daşıyır. Baxır gündəlikdə hansı məsələ dayanır və təşkil edilmiş informasiya kampaniyaları, əlbəttə, hansısa məqsədləri güdür. Bu məqsədlər bir çox hallarda həqiqətdən daha önəmli amil kimi qəbul edilir. Ona görə hesab edirəm ki, jurnalistikada, ilk növbədə, həqiqət prinsipləri üstünlük təşkil etməlidir".

***

- 2008-ci il iyulun 30-da Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” təsdiq edildi.
Bu konsepsiya vətəndaş cəmiyyəti quruculuğu prosesində KİV-in rolunu nəzərə almaqla fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, onların sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə prioritetlərini müəyyən etdi.

- 2009-cu il Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı.
- Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atıldı: onların evlə təminatı həyata keçirildi, redaksiyalara yardımlar ayrıldı və s.
PREZİDENT İLHAM ƏLİYEV (21 iyul 2015): "Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir".

Azərbaycan Prezidentinin jurnalistləri özünün köməkçiləri adlandırması dövlətin bu sahəyə olan münasibətinin lokanik, konseptual ifadəsidir.

Prezident İlham Əliyev (20.07.2017): "İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz".

Jurnalistlərin sosial təminat məsələləri də daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı Sərəncam imzaldı və tezliklə bu bina da jurnalistlərin ixtiyarında olacaq.

Qəzetlərə maliyyə yardımın göstərilməsi üçün təşkil edilən müsabiqələr çərçivəsində redaksiyalara maliyyə vəsaitinin ayrılması da dövlətin mətbuata dəstək mexanizmlərindən biridir.

Hazırda mediada islahatlar dövrünün başlandığını dmeək olar. Yanvar ayında Media İnkişaf Agentliyinin yaradılması, media haqqında yenin qanunun müzakirəyə çıxarılması bu prosesin başlandığını təsdiq edir.

***

... Və bu gün bütün dünyada media yeni çağırışla üz-üzədir. Bəzi təhlilçilər hesab edir ki, klassik mətbuat öz ömrünü başa vurub. Bu fikrə oppenent olanlar isə deyir ki, radio və televiziya meydana çıxanda da, internet media yarananda çap mətbuatının erasının sona çatdığı barədə proqnozlar var idi. Ancaq bu, baş vermədi...
Bununla belə, sosial şəbəkərlərin bu gün öz sələflərini bir neçə baş üstələdiyi, informasiyanın yayılmasındakı dominantlığı aşkar nəzərə çarpır. Oxucu gündəmin nəbzini Facebookda tutur, xəbərin dünyanın bir ucundan o biri ucuna çatması saniyələrlə ölçülür – belə vəziyyətdə 1 gün sonra çap olunacaq qəzetlərin xəbər daşıyıcısı kimi gücü, daha doğrusu, gücsüzlüyü aydınlaşır. Görünür, qəzetlər öz funksiyalarına yenidən baxmalı, hansı yükü daşımalı olacaqlarını saf-çürük etməlidirlər...

Bəli, nə qədər qəzetçilər üçün radikal səslənsə də, çap mətbuatı tənəzzül edir. Fakt odur ki, bütün dünyada çap mətbuatının tirajı son onillikdə əhəmiyyətli dərəcədə aşağı düşüb.

Bəs proses bu tempdə davam etsə, ənənəvi media həyatımızdan çıxa bilərmi? Ola bilərmi ki, növbəti onillikdə rəqəmsallaşmanın, elektronlaşmanın artan həcmi ilə yeni media klassik medianı bazardan tamamilə sıxışdırıb çıxartsın?

Formasından asılı olmayaraq bu gün bütün Azərbaycan mətbuatının qarşısında duran ən vacib məsələ millli maraqların qorunmasıdır.
Prezident İlham Əliyev: "Azərbaycan daha önəmli ölkə olduğu üçün bizə təsir etmək cəhdləri də artır. Onlar özünü yeni formalarla büruzə verir. Siyasi hakimiyyətə təsir etmək mümkün deyil. Yəni, ictimai rəyə, ictimai fikrə təsir etmək cəhdləri çoxalır. Bunu necə etməli? Jurnalistika vasitəsilə. Ona görə Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır. Ölkəmizdə kifayət qədər problemlər, çatışmayan cəhətlər, qüsurlar var. Siz bunu işıqlandırırsınız və işıqlandırmalısınız. Dövlət orqanlarını, məmurları tənqid edirsiniz, tənqid etməlisiniz. Bu, təbii prosesdir. Ancaq, eyni zamanda, biz hamımız bilməliyik ki, bu, bizim ölkəmizdir. Azərbaycanı bizdən çox sevən insan, ya qurum, ya ölkə yoxdur, ola da bilməz. Ona görə biz özümüzü xarici təsirdən qorumalıyıq. Gənc nəsli qorumalıyıq ki, daim Azərbaycan müstəqil dövlət kimi inkişaf etsin". 

Epiloq əvəzi
Əsrlərin sınağından çıxmış, müxtəlif texnoloji nailiyyətlərin - radio, televiziya və internetin sıradan çıxarmadığı çap mətbuatının növbəti rəqibi ilə - yeni media adlandırdığımız sosial media ilə rəqabətdən də hətta itkilərə məruz qalsa belə, sağ çıxacağına ümid böyükdür. Sadəcə, görünür, qəzetlər funksionallıqlarında dəyişikliklər etməli olacaqlar. Xəbər çatdırmaq missiyası yerini təhlil, araşdırma və daha rəngarəng komponentlərlə zəngin yeni məzmun və formaya verməli olacaq.

Vüsal Məmmədov

CANLI YAYIM