1918-ci ildə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri soyqırımından 104 il ötür.
20-ci əsrdə azərbaycanlıların kütləvi qırğını 1905-1907-ci illərdə Bakı, Naxçıvan, Zəngəzur, İrəvan və digər tarixi Azərbaycan torpaqlarında həyata keçirilib. 1917-ci ilin dekabrından 1918-ci ilin martınadək daşnak erməni silahlı qüvvələri 197 Azərbaycan kəndini dağıdıb, əhalinin bir hissəsi öldürülüb, digər hissəsi evlərindən qovulub.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb.
1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Həmin gündən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu gün münasibətilə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.