AzTV Pakistanın ən nüfuzlu media qurumu ilə əməkdaşlığa başladı

AzTV Pakistanın ən nüfuzlu media qurumu ilə əməkdaşlığa başladı

8 Aprel, 13:33 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə Pakistanın nüfuzlu “BOL” Media Qrupu arasında Anlaşma Memorandumu imzalanıb.

QSC-nin Sosial media və ictimiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Memoranduma media qurumunun rəhbəri Ayşə Şeyx, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Syed Savez Alinin Azərbaycana səfəri çərçivəsində imza atılıb.

QSC sədri Rövşən Məmmədov, Ayşə Şeyx və Syed Savez Ali əvvəlcə Fəxri xiyabanı ziyarət edib, Ulu Öndər Heydər Əliyevin xatirəsini hörmətlə yad ediblər. Hər iki media qurumunun rəhbər şəxsləri daha sonra Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini ehtiramla anıblar.

Daha sonra “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də görüş keçirilib. Görüşdə çıxış edən Rövşən Məmmədov Azərbaycanla Pakistanın dostluq münasibətlərinin əhəmiyyətindən danışıb. Sədr bildirib ki, AzTV ilə “BOL” Media Qrupunun əməkdaşlığı bu dostluğa öz töhfəsini verəcək.

 Ayşə Şeyx də çıxışında Azərbaycan və Pakistan arasındakı münasibətlərin hər sahədə uğurla inkişaf etdiyini, bu sahələrdən birinin də media olduğunu xüsusi vurğulayıb. O, AzTV-“BOL” Media Qrupu əməkdaşlığının bu sahənin inkişafında mühüm rol oynayacağını deyib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə “BOL” Media Qrupu arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşmaya əsasən, qurumlar arasında qarşılıqlı təcrübə və xəbər mübadiləsi aparılacaq.

Daha sonra pakistanlı qonaqlar QSC-nin studiyalarında və redaksiyalarında olublar.

Qeyd edək ki, AzTV ilə Pakistanın sözügedən TV kanalı arasında bir müddətdir əlaqələr qurulub. Ötən il AzTV Azərbaycan televiziya məkanında daha bir ilkə imza ataraq Pakistan televiziyası ilə ortaq yayıma çıxmışdı.

Onu da bildirək ki, “BOL” TV Vətən müharibəsi zamanı Azərbaycana ciddi informasiya dəstəyi verib. Bu gün də Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayır.

CANLI YAYIM