Ukraynada dəmiryol vağzalına 2 raket atıldı: onlarla ölü var

Ukraynada dəmiryol vağzalına 2 raket atıldı: onlarla ölü var

8 Aprel, 16:11 Sosial mediada paylaşın:

Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində dəmiryol vağzalına raket hücumu olub.

Nəticədə 39 nəfər həlak olub. Onların 4-ü uşaqdır. Bu barədə Donetsk qubernatoru məlumat yayıb. 87 nəfərin yaralandığı bildirilir. Çox sayda yaralının vəziyyəti ağırdır. Hadisə baş verən zaman ərazidə minlərlə insan olub.

Qeyd edək ki, Kramatorsk Ukraynanın şərqində əsas təxliyə marşrutlarından biri hesab olunur.

Rusiya Müdafiə Nazirliyi rusiyalı hərbçilərin Kramatorskda dəmiryol vağzalına raket zərbəsi endirməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Nazirliyin açıqlamasında bu bəyanatların təxribat olduğu və həqiqətə uyğun olmadığı qeyd olunur.

Avropa İttifaqı Şurası bu gün Rusiyaya qarşı beşinci iqtisadi və fərdi sanksiyalar paketini qəbul edib. Belə ki, Rusiyadan kömür və bərk yanacaq idxalına, Rusiyaya çip, kompüter və qaz sənayesi avadanlığının ixracına, Rusiya bayrağı altında qeydiyyatdan keçmiş gəmilərin Aİ limanlarına girişinə qadağa qoyulur. Sanksiyalar, həmçinin, 4 Rusiya bankının Avropa İttifaqında tranzaksiyalar aparmasının tam qadağan olunmasını, Rusiya və Belarusa məxsus yük avtomobilləri üçün sərhədlərin bağlanmasını nəzərdə tutur.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel və Slovakiyanın Baş naziri Eduard Heger Ukraynaya səfərə gəliblər. Onların Ukrayna Prezidenti Volodimir Zelenski və Baş nazirlə görüşü planlaşdırılır.

Fərda Abasova

CANLI YAYIM