Ağdamın ağ damlı evləri və qızılı rəngli payızı - FOTOLAR

Ağdamın ağ damlı evləri və qızılı rəngli payızı - FOTOLAR

30 Noyabr, 14:05 Sosial mediada paylaşın:

Payız fəsli öz rəngarəngliyi, gözəllikləri ilə qəlbə sakitlik gətirir, insanın ruhunu oxşayır. Qızılı payız insanın ruhunu qidalandırsa, mənəvi rahatlıq versə də, Ağdamda kədər və sevinc hisslərini bir arada yaşayırsan. Payız müxtəlif rəng çalarları ilə sanki erməni işğalçılarının dağıdaraq viran qoyduğu Ağdam şəhərinə gözəllik gətirmək istəyir. Dağıntılar arasında həyatda qalmağı bacarmış Xan çinarı ağaclarının, həmçinin nar və digər kolların sarı-qızılı rəngləri Cümə məscidinə və yeni inşa olunan binalara xüsusi yaraşıq verir.

Ağdam şəhərindən üzü dağlara doğru irəlilədikcə yolboyu Qarqarçayın, Şahbulaq dağının, Xaçınçay su anbarının ətrafında təbiətin yaratdığı müxtəlif rənglər, itburnu, böyürtkən, nar kolları, müxtəlif payız çiçəklərinin gözəllikləri insanı valeh edir. Füsunkar təbiətin qoynunda yerləşən Şahbulaq qalasının ətrafı isə özünəməxsus gözəlliyi ilə seçilir, qızılı boyalarla işlənən tablonu xatırladır. Qalanın yaxınlığında axan bulağın göz yaşı kimi dumduru suyunun toplandığı kiçik göl buraya xüsusi gözəllik verir. Ağacların sarı, qırmızı rəngləri göldə əks olunaraq insanda xoş ovqat yaradır.

Ağdamın qızılı payızında çəkilən fotoları təqdim edirik.

Fotolar Tahir Ağaməmmədovundur.

CANLI YAYIM