“Media Savadlılığı” platformasının təqdimatı olub

“Media Savadlılığı” platformasının təqdimatı olub

20 Dekabr, 12:42 Sosial mediada paylaşın:

Dekabrın 20-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Media Savadlılığı” həftəsi çərçivəsində 500 gəncin iştirakı ilə “Media Savadlılığı” konfransı keçirilir.

Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov informasiya axınının sürətlə artdığı müasir dövrdə cəmiyyətdə informasiyanın etibarlılığını müəyyən etmək üçün düzgün bacarıqların inkişaf etdirilməsinin həm milli media məkanının inkişafı, həm də ölkə üzrə uzunmüddətli sosial-mədəni inkişafın təşviqi üçün başlıca amillərdən biri olduğunu vurğulayıb. O bildirib ki, müşahidə edilən informasiya bolluğu, cəmiyyətin məlumatın obyektiv tərəfini müəyyənləşdirməkdə çətinliklərlə qarşılaşması mediada savadlı istehlakçıların yetişdirilməsinə zərurət yaratmaqla yanaşı, medianın öz peşəkar funksiyasını effektiv yerinə yetirməsi istiqamətində ardıcıl addımların atılmasını tələb edir.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev dünya əhalisinin böyük bir hissəsinin media savadlılığı ilə bağlı fundamental bilik və bacarıqlara malik olmadığını, onlayn mühitdə təhlükəsiz şəkildə naviqasiya qabiliyyətinin məhdudluğu səbəbindən belə əhali qruplarının, xüsusilə gənclərin mediada yer alan müxtəlif məlumatların mənfi təsirlərinə məruz qalma riskinin kifayət qədər yüksək olduğunu, bu istiqamətdə ardıcıl tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Ləman İsgəndərova “Media Savadlılığı” platformasının - “medialiteracy.media.gov.az”ın təqdimatını edib.

Daha sonra Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) İnsan Resursları və Təhsil İdarəsi Rəhbərliyinin müavini Feyza Gizligider “İzlədiklərinizin İzi Qalar” mövzusunda çıxış edib.

CANLI YAYIM