Gədəbəydə turistlərin ən çox üz tutduğu 5 məkan: mütləq baş çəkin - REPORTAJ

Gədəbəydə turistlərin ən çox üz tutduğu 5 məkan: mütləq baş çəkin -REPORTAJ

12 Noyabr, 17:05 Sosial mediada paylaşın:

Geniş turizm potensialına malik Gədəbəyə bu ilin 10 ayında rekord sayda turist gəlib. Ölkədə ilk Milli Yaylaq Festivalının burada keçirilməsi rayona marağı artırıb.

Azərbaycan Televiziyasının əməkdaşları Gədəbəydə olub, turistlərin bu rayonda ən çox üz tutduğu 5 məşhur məkanı lentə alıb. Rayondan reportajı təqdim edirik:

“7 kilometrlik Yasamal aşırımının dolama yollarını qət etdikdən sonra qarşımızda təkrarsız mənzərə açılır. Yurdumuzun bu gözəl parçasına heyran olmamaq mümkün deyil. Tükənməz təbiət, əzəmətli dağlar, saysız-hesabsız mineral bulaqlar, dadlı mətbəx, ən əsası qonaqpərvər insanlar. Bu amillər kifayətdir ki, sizi çəkib, Gədəbəyə gətirsin. Turistləri rayona cəlb edən digər bir səbəb isə bu yerlərin həm də qədim və zəngin tarixə malik olmasıdır.

“Koroğlu” və yaxud “Cavanşir qalası” isə rayon mərkəzindən 15 km aralıqda yerləşir. Tarixi tikili sıldırım qayalığın zirvəsində, sərt yamacda inşa olunub. Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən abidəyə yalnız piyada qalxmaq mümkündür. Buradan ətraf kəndlər ovuc içindəki kimi görünür. Hətta uzaqdan Gədəbəyin simvolu olan məşhur “Simens körpüsü”nə də tamaşa etmək mümkündür. Bu yer Zaqafqaziyada ilk dəmiryol xəttinin keçdiyi ərazi olub, hazırda dövlət tərəfindən tarixi tikili kimi qorunur və Gədəbəyin “vizit kartı” hesab edilir.

Gədəbəyin zəngin tarixini özündə yaşadan daha bir məkan isə Böyük Qaramurad kəndidir. Məhz burada Qafqaz Albaniyasının yadigarı olan məbəd yerləşir.

Məbədin 600 ilə yaxın yaşı var və Gədəbəydə Qafqaz Albaniyasının tarixini yaşadan 10-a yaxın dini ibadətgahdan biridir.

Gədəbəyin mərkəzinə yaxın ərazidə “Şırşıra” şəlaləsi yerləşir. Bu şəlaləyə avtomobil yolu yoxdur.

Şəlalə 10-12 metr yüksəklikdən axıb gəlir. Düzyurd çayının yaratdığı bu təbiət incisini Gədəbəyə yollananlar mütləq gəlib görürlər.

Düzyurd-Miskinli yaylağı da turistlər üçün maraqlı məkanlardandır. Məhz bu yerdə iyul ayında Azərbaycanda ilk Milli Yaylaq Festivalı keçirilib. Hazırda ərazidə qışa hazırlıq işləri görülür. Yay aylarında yenidən burada qələbəlik hökm sürəcək. Çünki yenidən Milli Yaylaq Festifalının Düzyurd-Miskinli yaylağında keçirilməsi gözlənilir.

Məhz ilk Yaylaq Festivalında rayona 80 minə yaxın qonaq gəlib.

Yeri gəlmişkən, ilin 10 ayında dincəlmək üçün buranı seçənlərin sayı 100 mini keçib. Ötən il ərzində isə bu rəqəm 30 mindən bir qədər çox olub. Bu isə onu təsdiqləyir ki, son 10 ayda rayonun turizm statistikasında rekord həddə artım müşahidə edilib”.

Günel Feyzullayeva

CANLI YAYIM