Parisdə Qarabağın milli geyimləri nümayiş olunub

Parisdə Qarabağın milli geyimləri nümayiş olunub

8 Mart, 09:24 Sosial mediada paylaşın:

Parisdə Azərbaycan Səfirliyi və Azərbaycanın Dostları Assosiasiyasının (AAA) birgə təşkilatçılığı ilə səfirliyin Mədəniyyət Mərkəzində Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Rəmzlərin rəqsi” konserti və “Qarabağ - cəsarət və gözəllik əfsanəsi” adlı milli geyimlərin nümayişi təşkil edilib.

Azərbaycanın Fransada, eləcə də Monako Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva çıxış edərək, Azərbaycanda qadınların mühüm rolundan, müasir cəmiyyətin qurulmasında iştirakından danışıb. Hələ 1902-ci ildə “Qadınların müdafiə cəmiyyəti”, 1904-cü ildə “Qadınların peşəkar təhsilinin təşviqi cəmiyyəti”nin yaranmasından, onların fəaliyətindən, eləcə də müsəlman Şərqində ilk qız məktəbinin məhz Bakıda açılmasından bəhs edib. Azərbaycanda 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnun verilməsi, ölkəmizin qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya qoşulması, bu gün ölkədəki gender bərabərliyi və bu bərabərlik sayəsində qadınların siyasi və vətəndaş cəmiyyəti həyatında fəal iştirakı haqqında ətraflı məlumat verib. Bildirib ki, konsert və Qarabağın milli geyimlərindən ibarət nümayiş hər kəsdə iki qitənin kəsişməsində yerləşən Azərbaycan, onun mədəniyyəti, adət-ənənələri, eləcə də Avropa və Asiya ilə bölüşdüyü dəyərlər haqqında fikir yaradacaq.

Sonra Azərbaycanda “Rəsm” adlı ilk zərgərlik brendinin yaradıcılarından olan Rəsminə Qürbətova “Rəmzlərin konserti”ni təqdim edib. O, ekranda “Rəsm” brendinin “Buta”, “Buta və Ay”, “Qoçbuynuzu”, “Zəfəran”, “Xarıbülbül”, “Xəmsə”, “Nar” kimi zərgərlik məmulatlarını təqdim edərək, Azərbaycan, fransız bəstəkarlarının, eləcə də öz bəstələrini səsləndirib. Onu “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin həmtəssisçisi, bəstəkar və musiqi rejissoru Bəbir Bəbirov sintezatorda müşayiət edib. Azərbaycan Milli Konservatoriyasını bitirən B.Bəbirov Hindistan, Estoniya, Rusiya, Türkiyə, Almaniya, İsveçrə, İsveç, Monteneqro, İspaniya, Yaponiya kimi dünyanın bir çox ölkələrində musiqiçilərlə ölkəmizi təmsil edib.

Tədbirdə Könül Vəlibəyli tərəfindən təsis edilmiş “Bakı Milli Geyim Evi”nin zərifliyi və cəsarəti təcəssüm edən Qarabağ bölgəsinə həsr olunmuş son kolleksiyası nümayiş olunub. Azərbaycanın milli geyimində xüsusi yer tutan Qarabağ libasları bölgənin zəngin mədəni irsinin tərkib hissəsidir. Geyimlərdə xalqın adət-ənənələri, dünya görüşü, yaradıcılığı, milli təfəkkürü öz təsdiqini tapır. Bu geyimlər Azərbaycan xalqının qiymətli xəzinəsi, əsrlərdən qalan sərvətidir. Qarabağ kolleksiyası bir tarixdir, o, Qarabağın bölgələrini təcəssüm edir və həmin bölgələrin canlı obrazını yaradır. Əsrarəngiz gözəlliyi ilə insanları valeh edən Qarabağ geyimləri böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, “Bakı Milli Geyim Evi” ənənəvi etnik geyim elementlərini qoruyub saxlamaqla, onların unikal və innovativ elementlərini yeni nəslə ötürür. Məqsəd tarixi milli geyimlərin elementlərini adi geyimlərlə birləşdirərək, onlardan yalnız xüsusi günlərdə deyil, həmçinin adi günlərdə də istifadə etməyə nail olmaqdır. “Bakı Milli Geyim Evi”nin hazırladığı milli geyimlər Azərbaycanda bir çox muzeylərin kolleksiyalarında yer alıb. Geyim evinin “Borçalı”, “Şuşa”, “Şəki”, “Şirvan”, “Lənkəran” kimi bir çox tanınmış kolleksiyaları var.

CANLI YAYIM