BMT-də Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

BMT-də Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

5 İyun, 10:14 Sosial mediada paylaşın:

İyunun 4-də BMT-nin Baş Qərargahında Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Fransisin, BMT qurumlarının yüksək vəzifəli rəsmilərinin, üzv dövlətlərin səfirləri və diplomatlarının iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev çıxış edərək Azərbaycanın müstəqillik tarixi və keçdiyi inkişaf yolundan bəhs edib. O, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra ilk dəfə bu il milli bayramın ölkənin bütün ərazisində qeyd edildiyini vurğulayıb. Səfir uzun illər ərzində Azərbaycanın BMT ilə səmərəli əməkdaşlıq etdiyini bildirib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının cari ilin noyabr ayında keçiriləcək 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini qeyd edib.

Yaşar Əliyev əlavə edib ki, Azərbaycan iqlim fəaliyyətini və davamlılığı milli inkişaf planlarının və çoxtərəfli xarici siyasətinin mərkəzinə qoyub. Səfir COP29-la bağlı Azərbaycanın bir sıra təşəbbüslər irəli sürdüyünü deyərək deyib ki, ötən gün 29-cu Xəzər Neft və Qaz sərgisinin açılışı zamanı Prezident İlham Əliyev Azərbaycanın inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə fəal işlədiyini və onlara dəstək üçün xüsusi fond yaratmağı planlaşdırdığını açıqlayıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev iqlimlə bağlı fəaliyyətə milli səviyyədə və onun hüdudlarından kənarda təkan vermək üçün 2024-cü ili “Yaşıl Dünya naminə Həmrəylik İli” elan edib.

Daimi nümayəndə, həmçinin Azərbaycanın 2026-cı ildə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcəyini qonaqların diqqətinə çatdırıb. Yaşar Əliyev bununla yanaşı, Azərbaycanın BMT-nin İqtisadi və Sosial Şurasının 2025-2027-ci illər üzrə üzvlüyünə namizədliyi barədə iştirakçılara məlumat verib.

BMT Baş Assambleyasının sədri Dennis Fransis çıxışında Azərbaycanın Şərqdə ilk dünyəvi demokratik dövlət qurduğunu vurğulayaraq Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Baş Assambleyanın sədri Azərbaycanın COP29-a sədrliyinin əhəmiyyətini qeyd edib və bu yolda uğurlar arzulayıb. O, bir neçə ay əvvəl Azərbaycana səfərindən danışıb və keçirdiyi yüksək səviyyəli görüşlər və Bakıda qatıldığı tədbirlər barədə qeyd edib.

Daha sonra Azərbaycanın təbiətini əks etdirən videoçarx qonaqlara nümayiş olunub.

Tədbirin mədəni hissəsində Azərbaycan milli musiqisinin canlı ifası fonunda Azərbaycan mətbəxinin təamları təqdim edilib.

CANLI YAYIM