Mərakeşin Rabat şəhərində “Şuşa günləri” keçirilir.
“Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən "Şuşa günləri iyunun 6-7-ni əhatə edəcək.
Tədbir çərçivəsində Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, eləcə də Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov Mərakeşin Gənclər, Mədəniyyət və Kommunikasiya naziri Məhəmməd Ben Said ilə görüşüblər.
Görüş zamanı hər iki ölkə arasında mövcud olan səmimi dostluq münasibətləri, eyni zamanda inkişaf etməkdə olan mədəni əlaqələr haqqında danışılıb. İslam dünyasının 2024-cü il üçün mədəniyyət paytaxtı seçilmiş tarixi Şuşa şəhərində gerçəkləşdirilən layihələr, mədəni tədbir proqramları, bununla yanaşı, əlaqələrin gələcəkdə daha da inkişafı barədə söhbət açılıb.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda “Şuşa günləri”nin bütün müsəlman ölkələrində təşkil edilməsi nəzərdə tutulub.