III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

11 İyul, 09:14 Sosial mediada paylaşın:

İyulun 10-da Prezident İlham Əliyev III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncamda “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021-ci il 20 dekabr tarixli növbədənkənar iclasında III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə qərarın qəbul edildiyi vurğulanıb. Həmçinin Azərbaycanın MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə ev sahibliyi etməsinin onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkil edilməsinə müsbət təsir göstərəcəyi qeyd olunub.

Sərəncama əsasən, III MDB Oyunlarının 2025-ci ilin oktyabrında Azərbaycanda layiqincə keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb. Azərbaycanın gənclər və idman naziri 40 üzvdən ibarət təşkilat komitəsinin sədri təyin olunub.

Həmçinin Gənclər və İdman Nazirliyinə aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə III MDB Oyunlarının keçirilməsinə dair xüsusi tədbirlər planını hazırlayıb Təşkilat Komitəsinə təqdim etmək tapşırılıb. Təşkilat Komitəsinə III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı zəruri məsələlərin həll ilə bağlı tapşırıq verilib.

Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

CANLI YAYIM