İyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər, Müdafiə nazirlikləri və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb.
Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Hüseynov Xəlifə Həsən oğlu piyada əleyhinə minaya düşərək xəsarət, onun arxasınca hərəkət edən 1978-ci il təvəllüdlü Məmmədov Səməndər Əliqəmə oğlu isə həmin mina partlaması nəticəsində qəlpə yaraları alıb.
Daha sonra hadisə yerinə onlara köməyə gedən 1976-cı il təvəllüdlü Qaraşov Rahim Əşrəf oğlu ikinci minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.
“Bir daha vətəndaşlarımızı təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırırıq!”, - məlumatda qeyd edilib.