Bu gün Azərbaycanın üç idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edib.
Ölkəmizi komanda yarışlarında təmsil edən basketbolçularımız üçün oyun gün qənaətbəxş keçib.
Əvvəlcə Avstraliya yığması ilə üz-üzə gələn Ratomir Deliçin yetirmələri 12:21 hesabı ilə məğlub olublar. İkinci matçda Çin seçməsini 21:19 hesabı ilə üstələyən millimiz günü qalibiyyətlə başa vurub.
Azərbaycan cüdoçusu üçün isə vəziyyət fərqli olub. 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan təmsilçimiz Uşanqi Kokauri 1/4 finalda Martti Pumalainenə (Finlandiya) qalib gələrək turnirə yaxşı başlasa da, ardınca bütün görüşlərdə uduzaraq mübarizəni dayandırıb.
Boksçumuz Murad Allahverdiyev də turnirlə vidalaşan idmançılar sırasında yer alıb. 80 kq çəki dərəcəsində mübarizə aparan dəri əlcək ustası 1/4 finalda Nurbek Oralbayla bacarmayaraq turnirlə vidalaşıb.
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova ümumilikdə 16 iştirakçı arasında 10-cu yeri tutaraq yarışı medalsız tərk edib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.