Polşalılar "Qarabağ" mahnısını musiqiçilərimizlə birlikdə oxuyublar

Polşalılar "Qarabağ" mahnısını musiqiçilərimizlə birlikdə oxuyublar

6 Avqust, 09:18 Sosial mediada paylaşın:

"Xarı Bülbül" Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının nəzdində fəaliyyət göstərən "Vətən" musiqi qrupu Polşada keçirilən "Podlaski Oktawa Kultur" Beynəlxalq Festivalında Azərbaycanı təmsil edib.

"Podlaski Oktawa Kultur" Beynəlxalq Festivalı artıq 16-cı dəfədir ki, Polşada keçirilir. Festival hər il Polşa Mədəniyyət Nazirliyi, Podlaski Mədəniyyət Mərkəzi, Polşa Dövlət Televiziyası, Bialistok radiosu və Bialistok Bələdiyyəsinin təşkilatçılığı ilə təşkil olunur.

Tədbir çərçivəsində "Xarı Bülbül" Dünya Azərbaycanlıları Mədəniyyət Asosasiyasının dəstəyi ilə musiqiçilərimiz - xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbaliyev, kamança ifaçısı Pərviz Fərhadov, nağara ifaçısı Səyyar Teymurov 25 iyul tarixindən başlayaraq Polşanın Bialistok, Kleszczele və Stary Folwark şəhərlərində davamlı olaraq konsert proqrqmlqrı ilə çıxış edib və master klass dərsləri keçiblər.

Musiqiçilərimizin iştirakı ilə ən böyük konsert proqramı Bialistok şəhərinin mərkəzi küçələrinin birində baş tutub. Təxminən 2000 tamaşaçının qarşısında çıxış edən musiqiçilərimiz tamaşaçıları Polşa dilində salamlayıb. Azərbaycan muğamlarını və musiqilərini Polşalılara sevdirən musiqçilərimizi tamaşaçılar ayaqüstə alqışlayıblar. Konsertdən sonra musiqiçilərimiz Polşa Dövlət Televiziyasına milli paltarlarında təsvir olunan "Xarı Bülbül"ün mənası və Azərbaycan muğamı haqqında ətraflı məlumat veriblər. Festivalda musiqiçilərimizi dəstəkləmək üçün Polşadakı Azərbaycan Diasporunun nümayəndələri də qatılıb.

Musiqiçilərimiz eyni zamanda, Krakov şəhərində də möhtəşəm konsert proqramı ilə çıxış edib, Ali Baş Komandan İlham Əliyevin və güclü Azərbaycan Ordusunun xalqımıza yaşatdığı qələbə sevincini tədbir iştirakçılarına çatdırmaq üçün "Qarabağ" mahnısını tamaşaçılarla birlikdə oxuyublar.

"Vətən" musiqi qrupunun hər biri diplom və qiymətli hədiyyələrlə təltif edilib.

Qeyd edək ki, Respublika və Beynəlxalq Müsabiqələr qalibləri olan musiqiçilərimiz, Azərbaycan Milli Konservatoriyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləridir.

CANLI YAYIM