2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
• Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzdək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri işğaldan azad olunub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bununla əlaqədar xalqa müraciət edib.
• Prezident İlham Əliyev “CNN International” televiziya kanalının “Connect the World” verilişində müsahibə verib.
• “Sky News” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsini yayımlayıb.
• Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri cəbhənin mühüm istiqamətlərində düşmənə atəş zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyətlə alıb. Ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib.
• Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan ərazilərində Azərbaycan bayrağının dalğalanmasını əks etdirən görüntüləri paylaşıb.
• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 9 oktyabr saat 17:00-a olan məlumata görə, 31 mülki şəxs həlak olub, 168 nəfər isə xəsarət alıb. Həmçinin 1091 ev, 143 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb. Bu barədə Baş prokurorluq məlumat yayıb.
• Şanlı Azərbaycan Ordusunun daha bir uğurlu əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin 30-a yaxın tankı və piyada döyüş maşını ələ keçirilib.
• Baş Prokurorluq: Döyüşlərdə Ermənistan tərəfindən iştirak etmiş Fransa vətəndaşı Artur Oqanisyan və Gürcüstan vətəndaşı Vaaqn Çaxalyan barəsində cinayət işi başlanıb.
• Azərbaycan Ordusu bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin xeyli sayda “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb.
• Müdafiə Nazirliyi: Ermənistan ərazisindən Mingəçevir şəhəri istiqamətində atılan ballistik hədəf Azərbaycanın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq 20 kilometrdən artıq hündürlükdə məhv edilib.
• Müdafiə Nazirliyi düşməndən azad edilən Suqovuşan yaşayış məntəqəsinin görüntülərini paylaşıb.