2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
• Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün tviter hesabında bildirib.
• Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
• Döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin xeyli sayda canlı qüvvəsi, dörd ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, on ədəd müxtəlif tipli topu, üç ədəd sursatla dolu yük maşını və beş ədəd digər avtomobil texnikası sıradan çıxarılıb.
• Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib. Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən Ermənistan ərazisinə çəkilməyə məcbur edilib. Mövqelərimizə hücum etməyə cəhd göstərən düşmənin Su-25 döyüş təyyarəsi bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində vurulub.
• Ermənistan silahlı qüvvələrinin dörd ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd “KUB” zenit-raket kompleksi, daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərində yerləşən canlı qüvvəsi dəqiq zərbələrlə məhv edilib.
• Müdafiə Nazirliyi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən qəhrəmanlarımızın göstərdikləri şücaətlər barədə videoçarx paylaşıb.