Burada bir-birinə yad adam yoxdur – AZƏRTAC-ın REPORTAJI

Burada bir-birinə yad adam yoxdur – AZƏRTAC-ın REPORTAJI

6 Noyabr, 19:00 Sosial mediada paylaşın:

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür. Milli radiomuz 98, televiziyamız isə 68 yaşını qeyd edir. AZƏRTAC-ın əməkdaşları bu özəl gün münasibətilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə (QSC) gedərək “danışan” və “göstərən” həmkarlarının qonağı olub. Reportaj zamanı hər şeyin başladığı o tarixi məkanda bir sıra həmkarlarımızla həmsöhbət olub, onların bayram əhvali-ruhiyyəsinə şahidlik etdik.

QSC-nin sədr müavini Rafiq Həşimov noyabrın 6-nın televiziya və radio işçiləri üçün çox əhəmiyyətli bir gün olduğunu vurğulayıb: “Radiomuzun tarixi çox qədimdir. Artıq iki ildən sonra 100 illiyimizi qeyd edəcəyik. Eyni zamanda, televiziyamızın 70 yaşı tamam olacaq. 12 dildə efirdə yayımlanan beynəlxalq radiomuz da var. Onun da iki ildən sonra 80 yaşı tamam olacaq. Ona görə də biz bu günə həmişə xüsusi hazırlaşırıq, necə deyərlər, öz bayramımızdır. Müasir dövr televiziya və radio işçilərindən onunla ayaqlaşmağı tələb edir. Son illər məni sevindirən cəhət odur ki, tanıyanlar, bilənlər haqqımızda xoş sözlər deyirlər. Deməli, son illərdə Azərbaycan Televiziyasına (AzTV) tamaşaçı diqqəti qat-qat çoxalıb. Azərbaycan Radiosunu dinləyicilərin məmnunluqla dinlədiyini eşidirəm. Biz hədəf olaraq tamaşaçılara və dinləyicilərə işləyirik və onların qarşısında hesabatlıyıq. Onlardan xoş söz eşitmək bizi daha da ruhlandırır və məsuliyyətə səsləyir”.

O deyib ki, Azərbaycan Televiziyası və Azərbaycan Radiosu ənənəsinə sadiq qalaraq dilimizin, milli-mədəni dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi istiqamətində çalışır: “Dahi Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı kimi məşhur mədəniyyət və incəsənət xadimlərimizin yolu buradan keçib. Televiziya və radio gəncliyi sevir. Bu baxımdan, cavanlaşma prosesi gedir. Dinləyici təbəqəsi genişdir və hamını qane etmək o qədər də asan deyil. Tamaşaçı və dinləyici obrazı istənilən efirə çıxan adamdan ağıllı, zövqlü və mədənidir. Bu obraz da xalqdır. Xalq isə həmişə fərddən ağıllı, zövqlü və mədənidir. Bunu anlayıb efirə çıxan hər bir şəxs gərək məsuliyyətini də hiss etsin. Nə yaxşı ki, bu məsuliyyət, həyəcan həmişə bizi müşayiət edir. Bu da bizə daha yaxşı proqramlar, verilişlər təqdim etməyə stimul verir”.

AzTV-nin regionlar üzrə baş redaktoru və aparıcısı Vəfa Seyidova kanalın yeni və gənc simalarındandır. 11 aydır ki, burada çalışan həmkarımız AzTV-nin Azərbaycan mediası üçün çox böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Bizim bir şüarımız var: Etibarlı xəbərin ünvanı olmaq. Bir çox media resursu xəbəri istənilən aspektdən yayımlaya bilər. AzTV isə baş vermiş hər hansı hadisəni dəqiqləşdirilmiş şəkildə tamaşaçıya təqdim edir. İllər əvvəl başlayan ideologiya bu gün də davam edir. Televiziya, eyni zamanda, müasir dövrün çağırışlarını və tələblərini də diqqətdən qaçırmır. Operativlik, dinamika etibarlılıqla yanaşı, bu gün bizim xəbərlərimizdə vəhdət təşkil edir”.

Bu günlərdə Bakıda baş tutacaq mötəbər konfransdan - COP29-dan danışan aparıcı qeyd edib ki, bu vacib tədbirin işıqlandırılması AzTV-nin əsas öhdəliklərindən biridir: “Məlumdur ki, COP29-da 11 gün ərzində müxtəlif istiqamətlər üzrə çoxlu tədbirlər keçiriləcək. Bu tədbirlərin işıqlandırılması üçün səfərbər olmuşuq. Televiziyanın bütün redaksiyaları COP29 tədbirlərinə köklənib. COP29-la bağlı marafonumuz olacaq və 24 saat müddətində yenilənmiş xəbərlərlə bu marafonu davam etdirəcəyik”.

Televiziyanın İnformasiya proqramları studiyasının redaktoru, 20 ilə yaxındır burada çalışan Südabə Cahangirli AzTV-nin böyük məktəb olduğunu deyib: “Bu gün istənilən teleməkana nəzər yetirsək görərik ki, orada vaxtilə AzTV-də çalışmış əməkdaşlar fəaliyyət göstərirlər. Ona görə də AzTV-ni “Ana televiziya” da adlandırırlar. Mənim üçün burada çalışmaq çox qürurverici haldır. Burada çoxlu peşəkarlar fəaliyyət göstərir və mən onlardan çox şeylər öyrənmişəm”.

42 ildən artıqdır ki, AzTV-də çalışan Fatma Rzaquluqızı bizi televiziyanın arxivi ilə tanış edib. O qeyd edib ki, uzun illər televiziyada gördüyümüz, hətta görmədiyiniz görüntülər də bu arxivdə saxlanmaqdadır. Onun sözlərinə görə, burada 52 mindən artıq lentlər və kasetlər var: “Baxmayaraq ki, televiziyamız 1956-cı ildən fəaliyyətdədir, ancaq burada keçən əsrin əvvəllərindən olan görüntülər də mövcuddur. Köhnə Bakının görüntüləri, neftin çıxarılması, sovet ordusu ilə bağlı tarixi görüntülər arxivimizdə yer almaqdadır. Bildiyiniz kimi, biz rəqəmsallaşmaya doğru addım atmışıq və belə görüntülərlə daha tez bir zamanda efiri təmin etmək mümkündür”.

17 ildir AzTV-də çalışan və iş yerinə sadiq qalan televiziyanın Xüsusi layihələr studiyasının direktoru Həmid Əsədzadə bildirib ki, rəhbəri olduğu studiya Mədəniyyət TV, İdman TV və AzTV-ni verilişlərlə təmin edir: “Mən AzTV-də böyümüşəm. Bura mənim birinci evimdir. Evdən çox burada vaxt keçirirəm. Eyni zamanda, kollektivlə də doğmalaşmışıq. Burada bir-birinə yad adam yoxdur. Yaradıcı proses elədir ki, mütləq bir doğmalıq olmalıdır. Biz filmlər də çəkirik. Hazırda 8 Noyabr - Zəfər Günü ilə bağlı “Atamın kölgəsində” adlı qısametrajlı bədii film çəkmişik. Kinonun noyabrın 7-də Nizami Kino Mərkəzində təqdimatı olacaq”.

Biz də, öz növbəmizdə, Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə bütün həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!

CANLI YAYIM