Azərbaycan Televiziyası Şərqin ilk təyyarəçi xanımı Leyla Məmmədbəyova haqqında "SƏMA XANIMI" adlı film hazırlayıb. Film real hadisələr əsasında lentə alınıb. Ssenari müəllifi və quruluşçu rejissor Elvin Əhmədoğlunun ərsəyə gətirdiyi filmi tamaşaçılar tezliklə izləyə biləcəklər...
Leyla Məmmədbəyova əslən Qubadan olsa da 17 sentyabr 1909-cu ildə Bakıda anadan olub və ilk təhsilini Bakıda alıb. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri mart soyqırımı ərəfəsində ailəsi ilə birlikdə Həştərxanda məskunlaşıb, sonra yenidən Bakıya köçüb.
İlk əmək fəaliyyətinə 1930-cu ildən başlayan Leyla Məmmədbəyova sənət təhsilini Bakı aeroklubunda alıb və ilk uçuşunu 1931-ci ildə yerinə yetirib. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olub. 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutub və 1941-ci ilədək aviasiya mayoru olub. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirib. O, təyyarəçi karyerasını 1949-cu ildə son uçuş ilə başa çatdırıb.
Leyla Məmmədbəyova 1989-cu ilin iyulunda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.