Bakıda Kiçik Su Elektrik Stansiyası istismara verildi

Bakıda Kiçik Su Elektrik Stansiyası istismara verildi

13 Dekabr, 15:24 Sosial mediada paylaşın:

Sentyabrda Şüvəlan qəsəbəsində istismara verilən 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının ərazisində Kiçik Su Elektrik Stansiyası tikilib.

İndiyədək “Şimal-2”nin buxar turbininin kondensatorunun soyudulması üçün Xəzər dənizindən götürülən su geri dönərək yenidən dənizə tökülürdüsə, artıq həmin su yeni tikilən Kiçik Su Elektrik Stansiyasına daxil olur və suyun kinetik enerjisindən istifadə edilməklə enerji alınır. Kiçik Su Elektrik Stansiyasının tikintisi yerli mütəxəssislər tərəfindən aparılıb, montaj prosesində xarici mütəxəssislər də iştirak edib. Stansiyanın tikintisi, sifariş verilən avadanlığın gətirilməsi və montajı bir neçə ay ərzində yekunlaşdırılıb.

300 kilovatlıq Kiçik Su Elektrik Stansiyası vasitəsilə il ərzində 2,5 milyon kilovat saata yaxın elektrik enerjisi alınacaq. Bu da ölkənin ikinci böyük elektrik stansiyası olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının təsərrüfat ehtiyaclarını ödəməklə daxili tələbatına sərf olunacaq. Nəticədə bu günə qədər “Şimal” Elektrik Stansiyasının daxili tələbatına sərf olunan elektrik enerjisi qənaət edilərək ümumi sistemə ötürüləcək.

“Azərenerji” ASC Reabilitasiya Proqramına uyğun olaraq, ötən ilin payızından ölkə üzrə 12 elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri aparır və artıq 500 meqavata yaxın itirilmiş güc bərpa olunub.

Mənsur Həsənov

CANLI YAYIM