2019-cu il ölkəmiz üçün həm də nəqliyyat dəhlizi olaraq mövqelərini möhkəmləndirməsi ilə yadda qalacaq. Tarixi İpək Yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi kimi çıxış edən Azərbaycan yalnız tranzit ölkə kimi yox, eyni zamanda bir sıra nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısı kimi çıxış edir.
Azərbaycanın nəqliyyat dəhlizi kimi funksionallığını və əhəmiyyətini artıran həm də odur ki, ölkəmiz yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir, eyni zamanda, Şimal və Cənubu da birləşdirən mühüm dəhlizdir. Azərbaycan bu dəhlizin - nəqliyyat infrastrukturunun formalaşması üçün ciddi siyasi iradə nümayiş etdirib və investisiya yatırımları edib.
Nəticədə, istər daxili, istərsə də xarici nəqliyyat infrastrukturu çoxşaxəli haba çevrilə bilib. Azərbaycanın nəqliyyat imkanlarının təhlilini nəzərdən keçirdikdə 4 istiqamət üzrə nəqliyyat xətlərinin inkişafı aydın nəzərə çarpır.
Dəmir yolu nəqliyyatı
Azərbaycan həm daxili, həm də xarici dəmir yolu nəqliyyat infastrukturunu şaxələndirir. Təsadüfi deyil ki, Davos Forumunun hesabatına əsasən, dəmir yollarının səmərəliliyinə görə, ölkəmiz 11-ci yerdədir.
Azərbaycan həm Şərq və Qərb, həm də Şimal və Cənub arasında dəmiryol nəqliyyatını formalaşdırıb. 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi tarixi İpək Yolunun bərpası istiqamətində də mühüm addım kimi xarakterizə olunur. Çünki Şərqdən gələn yüklərin bu xətt vasitəsilə daşınması daha çevik və ucuz başa gəlir. Çindən Praqaya dəmiryolu vasitəsilə yüklərin çatdırılması bu gün cəmi 18 gün ərzində mümkündür. Dəniz nəqliyyatı ilə isə bu, ən yaxşı halda 2 ay vaxt alırdı...
Şimal-Cənub nəqliyyat dəhlizi də rentabellidir. Bu dəhlizlə 2018-ci ildə daşınan yüklərin həcmi 8 dəfə, bu ilin 9 ayında daha 70 faiz artıb.
Ötən həftə yerli jurnalistlərə müsahibəsində Prezident İlham Əliyev bu layihənin əhəmiyyətini xüsusi olaraq şərh etdi: “Bütün bu layihələrin arasında Bakı-Tbilisi-Qars dəmir yolunu mən xüsusilə vurğulamaq istəyirəm. Çünki bu, bir neçə səbəbə görə doğrudan da strateji obyektdir, strateji infrastrukturdur. Birincisi, bizim Türkiyə ilə dəmir yolu bağlantımız olmayıb. Beləliklə, bizim ixracımız, yaxud da ki, Azərbaycan üzərindən təşkil edilən ixracın son nöqtəsi Qara dəniz limanları idi. Orada da gərək yüklər yenə də aşırılardı, daşınardı - yenə də vaxt itkisi, yenə də vəsait itkisi. Limanların da imkanları məhduddur və bir çox hallarda hava şəraitindən asılıdır. İlk növbədə, Novorossiysk limanı. Orada bəlkə də il ərzində günlərin təqribən 20 faizində hava şəraiti imkan vermir ki, yüklər daşınsın. Ona görə bu, birinci məsələ idi. İkinci məsələ ondan ibarət idi ki, biz çox yaxşı başa düşürdük, əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilərsə, onda biz nəinki Şərq istiqamətindən, hətta Cənub və Şimal istiqamətindən də bu yola yükləri cəlb edə bilərik və buna nail olduq”
Bu gün Çin-Qazaxıstan-Xəzər-Gürcüstan-Türkiyə dəhlizi ilə yanaşı, ölkəmiz Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa dəmir yolu xətlərinin də mühüm həlqəsi kimi çıxış edir. Hazırda Rusiyadan Türkiyəyə daşınan yüklərin əsas tranzit ölkəsi də Azərbaycandır. Gözlənilir ki, İrandan Avropaya daşınacaq yüklərdə ölkəmiz əsas ötürücü kimi çıxış edəcək. Artıq Özbəkistan və Tacikistan da Azərbaycanın nəqliyyat infrastrukturundan istifadəyə maraq göstərir.
Ötən il yükdaşımaların həcmi 13 milyon 950 min ton olub. Cari ilin yanvar-noyabr aylarında isə dəmir yolu ilə təqribən 15 milyon ton yük daşınıb. Bu il daşınan yüklərin əksəriyyəti tranzit yüklərdir. Bu isə Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini ifadə edir.
Dəniz nəqliyyatı
Açıq dənizlərə çıxışı olmayan bir ölkənin beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilməsi, əlbəttə, düşünülmüş siyasətin nəticəsidir.
Azərbaycan qapalı göl hövzəsi olan Xəzərin də nəqliyyat imkanlarından maksimum istifadədə maraqlıdır.
Ötən il istifadəyə verilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi məhz bu yanaşmanın məhsuludur. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir.
Bu limanın inşası üçün ərazi təsadüfən seçilməmişdi. Belə ki, Ələt qəsəbəsi respublikanın ərazisindən keçən avtomobil və dəmir yollarının kəsişməsində yerləşir ki, buraya su yollarının da əlavə olunmasından sonra həmin ərazinin geniş potensial ixrac imkanlarına malik beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün zəmin yaranıb.
Bu günlərdə gerçəkləşən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan ilk neft tankerinin istismara verilməsi və “Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimi isə dəniz nəqliyyatının gücləndirilməsi sahəsində olduqca mühüm hadisə kimi qiymətləndirilir.
Özünəməxsusluğu ilə seçilən “Laçın” adlı ilk neft tankeri Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib. Ümumiyyətlə, Azərbaycan tarixində bu, bir ilkdir. Qeyd edək ki, “Laçın” tankeri nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin Volqa-Don və Volqa-Baltik kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək. Yeni nəsil tankerin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayan Bakı gəmiqayırma zavodunun növbəti uğuru kimi xarakterizə olunur. Hazırda zavodda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin donanması üçün zəruri olan müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı danışıqlar aparılır. Onların arasında quru yük, konteyner daşıyan, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri var.
Hava nəqliyyatı... və “hava azadlığı” bizə nə verəcək?
Azərbaycan hazırda 6 beynəlxaq hava limanına malikdir. Ölkəmizin ərazisinin ölçülərinə görə, bu, olduqca yüksək göstəricidir.
Bu sahədə infrastukturun yaxşılaşdırılması, hava limanlarının ən yüksək səviyyəyə çatdırılması, eləcə də hava məkanından istifadənin liberallaşdırılması istiqamətində ardıcıl işlər görülür. Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə regionun ən böyük aeroportudur. İlin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 5,15 milyon nəfər təşkil edib. Bunun 4,39 milyonu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür ki, bu da ötən ilin göstəricisindən 6% çoxdur.
Ölkəmizin hava nəqliyyatından istifadə edənlərin sayının növbəti ildən etibarən daha böyük ölçüdə artacağı proqnozlaşdırılır.
Çünki 1 yanvar 2020-ci il tarixindən etibarən Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup “hava azadlığı” ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq olunacaq.
Bu “hava azadlığı” qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək.
“Hava azadlığı” qrupu hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin də Azərbaycanın hava məkanında daha çox hərəkət etməsinə icazə verilir.
Beləliklə, beşinci qrup “hava azadlığı” xarici aviaşirkətlərə öz hava limanlarından digər şəhərlərə uçuş həyata keçirərkən sərnişinlərin təyyarəyə minməsi və yaxud düşməsi məqsədilə Bakıda (və digər hava limanlarında) eniş etmək icazəsi verir. Misal üçün, beşinci qrup “hava azadlığı” çərçivəsində Avropa aviadaşıyıcıları Bakıda (və yaxud ölkənin digər hava limanlarında) dayanmaqla Paris-Tokio reysini yerinə yetirə biləcəklər. Və yaxud Yaponiyaya məxsus aviaşirkətlər Avropa İttifaqı ölkələrinə uçarkən Azərbaycanın beynəlxalq hava limanlarından birinə eniş edə bilərlər.
Yeddinci qrup “hava azadlığı” isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə icazə verir. Misal üçün, Avropa aviaşirkəti Dubaydan Azərbaycana gələ və daha sonra öz ölkəsində eniş etmədən ABŞ-ın hər hansı bir şəhərinə uçuş həyata keçirə bilər.
Hər iki halda aviaşirkətlər bütün istiqamətlər üzrə, o cümlədən Azərbaycanın ərazisində azad kommersiya fəaliyyəti həyata keçirəcəklər.
Qeyd edək ki, əvvəllər Azərbaycana belə uçuşlar həyata keçirmək üçün icazə aviaşirkətlərə fərdi olaraq təqdim edilirdi.
Qərar 3 aspektdən əhəmiyyətlidir:
Birincisi, yeni şərtlərə əsasən, Azərbaycana və daha sonra digər ölkələrə uçuş həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər milli aviadaşıyıcı ilə eyni hüquqlara sahib olacaqlar. Bu, xarici aviaşirkətlərin Azərbaycana uçmaq marağını artıracaq, onlar üçün yeni bazarlar açacaq, həmçinin sərnişin axınının və turistlər üçün cəlbediciliyin artırılması üçün imkan yaradacaq.
İkincisi, bu, Azərbaycanın tranzit funksiyasını da əhəmiyyətli dərəcədə artıracaq.
Üçüncüsü, xarici aviaşirkətlərin gəlişi Azərbaycan vətəndaşları üçün daha çox səyahət imkanları yaradacaq, sərnişinlər yaxın və uzaq xarici ölkələrə birbaşa reyslərin geniş seçiminə sahib olacaq. Bu isə təbii ki, qiymətin rəqabət əsasında formalaşması meyillərini gücləndirəcək.
Avtomobil yolları
Böyük İpək Yolunun bərpası ideyasına uyğun olaraq Azərbaycan bütün nəqliyyat infrastrukturunu, eləcə də avtomobil yollarını bu zəncirin aparıcı həlqəsinə çevirmək istiqamətində mühüm tədbirlər həyata keçirir.
Ölkəmiz avtomobil yollarının yenidən qurulmasına da böyük həcmdə investisiya yatırır. Təkcə bir faktı deyək ki, son 16 ildə ölkədə 16 min kilometr avtomobil yolu inşa edilib. Yolların keyfiyyətinə görə, Azərbaycan dünyada 27-ci yerdədir. Özü də təkcə söhbət beynəlxalq əhəmiyyət kəsb edən yollardan yox, həm də daxili infrastrukturun təkmilləşdirilməsindən gedir. Bu gün hətta ən ucqar dağ kəndlərimizə belə rahatca, təhlükəsiz şəkildə çatmaq mümkündür.
Artıq Azərbaycan avtomobil nəqliyyatı ilə Avropa, Mərkəzi Asiya, eləcə də Rusiya ilə Yaxın Şərq ölkələri arasında dəhliz rolunda çıxış edir.
Avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması, eyni zamanda yeni yolların çəkilməsi Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizindəki rolunu artırmaqla yanaşı, daxili iqtisadi dinamikanı da stimullaşdırır: kəndli öz məhsulunu satış bazarlarına daha rahat çatdırır, bölgələr daha çox turist qəbul edir və s.
Həyata keçirilən nəqliyyat layihələri ölkəmizə 4 istiqamət üzrə əhəmiyyətli dividend qazandırır.
Azərbaycanın ixrac potensialının tam həcmdə realizə olunması üçün bu infrastruktur əhəmiyyətli rol oynayır. Eyni zamanda, artan tranzit əhəmiyyəti ölkəmiz üçün mühüm iqtisadi dividend deməkdir.
İkincisi, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizində artan rolu ölkəmizə siyasi dividendlər də gətirir – tərəfdaşlarımızın sayı artır, birgə layihələr müttəfiqlik əlaqələrini möhkəmləndirir.
Üçüncüsü, bu layihələr bölgədə, eləcə də qlobal miqyasda təhükəsizliyin qarantına çevrilir. Hərbi təhdidlər aradan qalxır, dialoq və anlaşma dərinləşir. Bu isə bütün iştirakçılara rifah gətirir.
Nəyahət, dördüncüsü, əməkdaşlıq qlobal inteqrasiyanı, qloballaşmanı təşviq edir.
Vüsal Məmmədov