Azərbaycan qonşuları ilə necə əməkdaşlıq edir? - TƏHLİL

Azərbaycan qonşuları ilə necə əməkdaşlıq edir? - TƏHLİL

16 Yanvar, 16:20 Sosial mediada paylaşın:

Hər bir ölkənin təhlükəsizliyi və inkişaf göstəricilərini həm də qonşuları ilə münasibətləri müəyyən edir. Hansı ölkə ki, qonşularla siyasi konfliktlər yaşamır, isti əlaqələrə malikdir və əməkdaşlıq edir, həmin ölkə təhlükəsizliyi və davamlı inkişafı üçün əlavə avantaj qazanmış olur. Bu cür əlaqələr regionun da taleyinə təsir edir.

Azərbaycanın xarici siyasətində bu prinsip aydın ifadə olunur - qonşularla əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və şaxələndirilməsi. Qlobal miqyasda etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycan regionun lokomotivi olaraq yüksək reputasiyaya sahibdir. Rəsmi Bakı, təbii olaraq, işğalçı Ermənistan istisna olmaqla, yerləşdiyi regionun bütün ölkələri ilə müxtəlif platformalarda iki və çoxtərəfli əməkdaşlıq əlaqələrinə malikdir. Bu, özünü siyasi münasibətlərdə də, xarici ticarət dövriyyəsində də göstərir.

2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev bu məqama xüsusi olaraq diqqət ayırdı: “Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır. İl ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər etmişdir, həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlərdə iştirak üçün. Eyni zamanda, qonşu dövlətlərin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olubdur və bu görüşlər çox önəmlidir. Çünki qonşularla münasibətlərin qurulması, hesab edirəm ki, hər bir ölkə üçün prioritet olmalıdır. Azərbaycanın öz qonşuları ilə çox möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələri mövcuddur. Bu əlaqələr keçən il daha da möhkəmləndi”.

Qonşu ölkələrlə əlaqələr strateji siyasi əhəmiyyət kəsb etməklə yanaşı, iqtisadi baxımdan da vacibdir. İxrac, xüsusilə qeyri-neft sahəsində ixrac potensialının tam olaraq realizə olunmasını prioritet kimi müəyyən etmiş Azərbaycanın ixrac payında qonşu ölkələr mühüm paya sahibidir. Qeyri-neft ixracında 14 faizlik artım məhz bunun ifadəsidir.

Rusiyanın Cənubi Qafqazdakı ən yaxın tərəfdaşı

Qeyri-neft məhsullarının ixracında Rusiya xüsusi paya malikdir. Rusiyanın Cənubi Qafqaz regionundakı ticarətinin 45%-i Azərbaycanın payına düşür. İki ölkə arasında qarşılıqlı investisiya sahəsində yaxşı dinamika müşahidə edilir. Azərbaycan Rusiya iqtisadiyyatına təxminən 1,2 milyard dollar, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4,9 milyard dollar sərmayə qoyub. Azərbaycanda Rusiya kapitalı olan 950 şirkət fəaliyyət göstərir ki, bu da ölkəmizdə xarici kapitalı olan bütün şirkətlərin 10%-ni təşkil edir. Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi də daim artır. 2018-ci ildə bu, 19% idisə, ötən ilin ilk on ayında 23%-ə çatıb. 2019-cu ilin yekunlarına görə isə, iki ölkə arasında ticarət dövriyyəsi təqribən 25 faizədək artıb.

Uğurlu investisiya əməkdaşlığı

Azərbaycan Türkiyə ilə əlaqələri yalnız strateji siyasi və iqtisadi müttəfiqlik deyil, “bir millət, iki dövlət” qədər yaxındır. Bəli, iki ölkəni bu cür həssas tellərdən əlavə iqtisadi-ticari əlaqələr də bir-birinə bağlayır.

2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 28% artaraq 3,4 mlrd. dollar təşkil edib, artım tendensiyasının davam etdiyi 2019-cu ilin ilk 7 ayında bu göstərici bundan öncəki ilin eyni dövrünə nisbətən 33% artaraq 2,3 mlrd. dollara çatıb. 2019-cu ilin yekun statistikasına görə isə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi keçən il 4 milyard dollara çatıb.

Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrində 3040 Türkiyə kapitallı şirkət fəaliyyət göstərir. Türkiyə şirkətləri Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən və dəyəri 15,5 mlrd. dollar olan 300-ə yaxın layihədə podratçı qismində iştirak etməklə, bu sahədə liderlik edirlər.

Ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına 12,2 mlrd. dollar sərmayə yatırıb. Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyanlar arasında qardaş ölkə 1-ci yerdədir. Azərbaycanın xaricdə ən çox investisiya yatırdığı ölkə məhz Türkiyədir və ölkəmizin Türkiyə iqtisadiyyatına investisiyaları 15,1 mlrd. dollar təşkil edir.

İki ölkəni bir-birinə həm də nəqliyyat infrastrukturu və enerji layihələri bağlayır. Türkiyə Azərbaycan qazının ilk alıcılarından biridir. Cənub Qaz Dəhlizi, onun vacib komponenti “Enerjinin İpək Yolu” adlandırılan TANAP, eləcə də Bakı-Tbilisi-Qars nəqliyyat infrastrukturu Azərbaycan və Türkiyənin birgə mühüm infarstruktur layihələridir və görünən odur ki, Şimal-Cənub, eləcə də Şərq-Qərb nəqliyyat dəhlizinin aktuallığının artdığı bir dövrdə hər iki ölkənin beynəlxalq hab kimi əhəmiyyəti də artmaqdadır. Bütün bunlar isə yalnız iki ölkə üçün yox, bütün tərəfdaşlar üçün təhlükəsizlik və iqtisadi gəlir deməkdir.

30 faizlik artım

Bildirdiyimiz kimi, Azərbaycanın xarici siyasətində qətiyyətlilik, etibarlılıq, o cümlədən müxtəlif güc mərkəzləri arasında körpü funksiyası aydın ifadə olunur. Bu, özünü cənub qonşumuz İranla münasibətlərdə də göstərir. Ayrı-ayrı siyasi güclərin ən kəskin təzyiqləri dövründə belə Azərbaycan öz ərazisindən cənub qonşusuna qarşı hər hansı məqsədlə istifadəyə birmənalı şəkildə “yox” deyib.

Son 5 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub. Ölkələrimiz arasında əməkdaşlığın möhkəm müqavilə-hüquq bazası yaradılıb, müxtəlif sahələrdə 150-dən çox, son 5 ildə 50-yə yaxın sənəd imzalanıb.

2019-cu ildə də bu dinamika davam edib. İranla ticarət dövriyyəsində 30 faizdən yuxarı artım qeydə alınıb. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi istiqamətində işləyir və bu xəttin tam realizəsi ilə ikitərəfli əlaqələrdə, eləcə də beynəlxalq əməkdaşlıqda ciddi artım proqnozlaşdırılır. Bu il Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün inşası planlaşdırılır. Ekspertlər hesab edir ki, bütün bunlar iqtisadi-ticari əlaqələri əhəmiyyətli şəkildə təşviq edəcək.

Şirkətlərimiz Gürcüstanın əsas vergi ödəyicilərindəndir

Gürcüstanla iqtisadi-ticarət əlaqələrində də artım müşahidə olunur. 2019-cu ildə Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi artaraq 580 mln. dollara çatıb. 700-dən çox Azərbaycan şirkəti Gürcüstanda uğurlu fəaliyyət göstərir, eyni zamanda Azərbaycanda 300-dən artıq Gürcüstan şirkəti işləyir. İndiyədək Azərbaycan Gürcüstana 3,2 mlrd. ABŞ dolları investisiya yatırılıb və Azərbaycan şirkətləri qonşu ölkədə əsas vergi ödəyicilərindəndir.

İki ölkə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Cənub-Qərb və digər beynəlxalq tranzit dəhlizlərinin inkişafında fəal əməkdaşlıq edir. Səmərəli əməkdaşlığın nəticəsidir ki, Azərbaycan və Gürcüstan ərazisindən keçən tranzit yükdaşımaların həcmi artır. Bu artımda Azərbaycanın funksionallıq qazandırdığı beynəlxalq marşrut dəhlizləri də əhəmiyyətli rol oynayır.

Prezident İlham Əliyev ötən ilin yekunları ilə bağlı müşavirədə qonşularla əməkdaşlıq əlaqələrinin əhəmiyyətini bir daha şərh edərək qeyd edib ki, Azərbaycan qonşularla yüksək səviyyəli əməkdaşlıq nəticəsində tranzit ölkə kimi beynəlxalq nəqliyyat dəhlizlərindəki əhəmiyyətini artırır: “Bizim qonşu ölkələrlə ticarət dövriyyəsinin artırılması çox müsbət haldır. Bütün qonşu ölkələrlə ticarət dövriyyəsi artıb. Türkiyə ilə bizim ticarət dövriyyəmiz keçən il 4 milyard dollara çatıbdır. Bu, böyük artımdır. Ticarət dövriyyəmiz Rusiya ilə 20-25 faiz, İranla 30 faiz artıbdır. Gürcüstanla da ticarət dövriyyəsi artıb. Həm ikitərəfli formatda, həm çoxtərəfli formatda biz uğurla fəaliyyət göstəririk. O cümlədən energetika və nəqliyyat sahələrində. Mən dəfələrlə demişəm ki, heç bir ölkə qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilə bilməz. Biz açıq dənizə çıxışı olmayan ölkə kimi bu gün beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişik. Nəyə görə? Düşünülmüş siyasətə, qonşularla yaxın münasibətlərimizə görə. Ona görə qonşularla bağlı həm ikitərəfli, həm üçtərəfli formatda bu il də aparılacaq əməkdaşlıq diqqət mərkəzində olmalıdır, bütün infrastruktur layihələri icra edilməlidir”.

Dövlət başçısı eyni zamanda qeyd edib ki, Rusiya sərhədinə gedən yolun böyük hissəsi bu il tamamlanmalıdır: “Astara şəhərindən İran sərhədinə qədər yeni avtomagistral yolun tikintisi əminəm ki, tam başa çatacaqdır. Həmçinin Gəncə-Gürcüstan sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsi layihəsi də. Bu layihənin böyük hissəsi bu il başa çatmalıdır”.

Prezident qeyd edib ki, keçən ilin sonunda Rusiya-Azərbaycan sərhədində açılmış yeni körpü təkcə Rusiya-Azərbaycan ticarət əlaqələrini möhkəmləndirməyəcək, eyni zamanda, bu, Şimal-Cənub nəqliyyat dəhlizinin bir parçasıdır: “Astara-Rəşt dəmir yolunun tikintisinə Azərbaycan öz marağını bildirmişdir, müvafiq sənədlər də imzalanmışdır. Əminəm ki, bu istiqamətdə bizim fəaliyyətimiz bu il təsirli olacaqdır. Bütövlükdə, deyə bilərəm ki, beynəlxalq ticarət əlaqələri bizim üçün çox önəmlidir, həm əməkdaşlıq, eyni zamanda, ticarət dövriyyəsinin artırılması və investisiya qoyuluşu baxımından. Biz həm qonşu dövlətlərdən investisiya alırıq, həm də investisiya qoyuruq. Qoyulan investisiyalar da nəticə etibarilə bizə böyük gəlirlər gətirir”.

Beləliklə, əlaqələr şaxələnir - iqtisadi tərəfdaşlar müxtəlif platformalarda, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində ortaq mövqedən çıxış edir, bir-birini dəstəkləyir. İkitərəfli əməkdaşlıq öz növbəsində regional inkişafı, xalqların rifahını və təhlükəsizliyi, siyasi yaxınlaşmanı stimullaşdırır.

Vüsal Məmmədov

 

CANLI YAYIM