Bakı məktəblərində istilik problemi yoxdur, bəs regionlarda?

Bakı məktəblərində istilik problemi yoxdur, bəs regionlarda?

12 Fevral, 12:51 Sosial mediada paylaşın:

Son günlər müşahidə olunan soyuq hava, bölgələrdə yağan qar bağçalarda və məktəblərdə istilik məsələsini yenidən gündəmə gətirib. Son illərdə təhsil müəssisələrində istilik təchizatı ilə bağlı böyük işlər görüldüyü ilə bağlı məlumatlar verilir. Bəs görəsən vəziyyət deyiləni əks etdirirmi?

İşıqlı, təmirli otaqlar, səliqəli partalar, informasiya-kommunikasiya texnologiyaları ilə təchizat... Bütün bunlar keyfyyətli təhsildən xəbər verir.  Təhsilin keyfiyyətinə təsir edən əsas amillərdən biri isə isti sinif otaqlarının olmasıdır. Razılaşmaya bilərsiniz, amma buz kimi otaqlarda dərs öyrənməyə çalışan şagirdlərdən yüksək nəticələrin gözlənilməsi də məntiqli görünmür. Elə bütün bunlar nəzərə alınaraq, xüsusilə son illərdə məktəblərin istiliklə təchizatı istiqamətində böyük işlər görülür.

Hazırda orta məktbələrdə, ümumilikdə, 1 milyon 525 min 16 şagird təhsil alır ki, bu şagirdlərin 415 mindən çoxu Bakı məktəblərinin payına düşür. Paytaxtda məktəblərin istilik probleminin böyük hissəsinin həll olunduğu bildirilir.

İstilik problemi Bakıda həllini tapsa da, regionlarda hələ də bu problemə rast gəlmək mümkündür. Təhsil Nazirliyindən verilən məlumata görə isə məsələnin aradan qaldırılması istiqamətində daimi monitorinqlər aparılır və istiliklə təchizetmədə aşkarlanan çatışmazlıqların həlli ilə bağlı işlərə başlanılır.

Havanın soyuq keçdiyi günlərdə məktəblərlə yanaşı bağçalarda da istiliyin olub-olmaması maraq doğurur. Bakı Şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı bildiriblər ki, hazırda paytaxtda istilik problemi olan bağça yoxdur. Lakin təmirə ehtiyacı olan bağçalar var, onların siyahısı artıq hazırlanıb və yaxın zamanlarda bu istiqamətdə işlərə başlanılacaq.

Sədaqət Süleyman

CANLI YAYIM