İcbari tibbi sığorta ödənişi ilə bağlı mühüm məlumatlar

İcbari tibbi sığorta ödənişi ilə bağlı mühüm məlumatlar

13 Fevral, 16:40 Sosial mediada paylaşın:

Yanvarın 1-dən etibarən Azərbaycanın 24 regionunda  icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bura - Naxçıvan Muxtar Respublikası, Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir , Yevlax və Ağdaş daxildir. Aprelin 1-dən isə sığorta ödənişlərinin toplanılmasına başlanacaq.

İcbari tibbi sığorta tətbiq edilən xəstəxanalarda “yaşıl gediş” və “qırmızı gediş”lər mövcuddur. Pasiyent “yaşıl gediş”lə xəstəxanaya müraciət edərsə, heç bir ödəniş etməyəcək. Bu zaman o, öncə ailə həkiminə müraciət edəcək. Ailə həkiminin göstərişi olarsa, ambulator poliklinikalara göndəriş veriləcək. Ambulator müayinədən sonra lazım olarsa, stasionar müalicəyə yönləndiriləcək. Tələb olunan hallarda cərrahi əməliyyatlar icra ediləcək. Əgər pasiyentlər birbaşa ambulator və ya stasionar xidmətə müraciət etmək istəyirsə və həmin xidmət təcili deyilsə, planlı şəkildə olursa, bu zaman müştərək maliyyələşmə və ya azadolma məbləği tətbiq ediləcək. Məbləğ isə 5 manatdır.

Aprelin 1-dən etibarən pasiyent yaşadığı regiondan kənar rayonda həkimə müraciət edirsə, 15 manat ödəməli olacaq. Vətəndaşlar bir tibbi ərazi bölməsindən digərinə gedərək orada tibbi xidmət almaq istəyirsə, 30 manat ödəyərək tibbi xidmətlərdən yararlana biləcəklər. Əgər vətəndaşın alacağı xidmətlərin dəyəri 100 manatdan yüksək olarsa, o, 90 manat ödəməli olacaq. Bütün ödənişlər nağdsız qaydada qəbul ediləcək. Heç bir ödəniş nağd şəkildə qəbul edilməyəcək. Kartı olmayan, ancaq nağd qaydada ödəmək imkanı olan vətəndaşlar müştərək maliyyələşmə məbləğlərini adsız kartlar vasitəsilə həyata keçirə biləcəklər. Müştərək maliyyələşmədən əldə edilən vəsaitlər xəstəxanaların hesabında toplanacaq və bu vəsaitlər avadanlıqların alınmasına, əməkhaqlarının ödənilməsinə və digər xərclərə sərf ediləcək.

18 yaşdan yuxarı işləmək qabiliyyətində olan, lakin işləməyən şəxslər – evdar qadınlar, kənd təsərrüfatı ilə məşğul olan şəxslər və digər bu kimi vətəndaşlara görə dövlət tərəfindən 90 manat sığorta haqqı ödəniləcək. Sığorta ödənişləri barədə ətraflı məlumat İcbari Tibbi Sığorta Agentliyinin rəsmi internet səhifəsində yerləşdirilib.

Ayşəm Rüstəmova

CANLI YAYIM