Prezident: “Parkinq imkanları olmalıdır ki, vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək”

Prezident: “Parkinq imkanları olmalıdır ki, vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək”

18 Fevral, 17:22 Sosial mediada paylaşın:

“Biz burada da hər şeyə ədalətli yanaşmalıyıq. Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar. Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Ancaq kifayət qədər böyük imkanlar, yəni, parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək”.

Bu sözləri Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib.

Ölkə başçısı qeyd edib ki, burada da heç bir qanun pozuntusu olmamalıdır: “Qanun qarşısında hamı bərabərdir. Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır. Yenə də deyirəm, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə. Tıxacın olmaması isə sizin əsas vəzifənizdir. Siz bundan sonra da aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə fəal olmalısınız. Ona görə, parkinqlə bağlı soruşmaq istəyirəm. Vəziyyət necədir və bu il hansı addımlar gözlənilir?”

Vüsal Kərimli isə cavabında bildirib ki, bu il parkinqlə əlaqədar bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq məsləhət xidmətləri cəlb edilib: “Cəlb etmişik ki, Bakı şəhərində parkinq məsələsi nəinki infrastruktur cəhətdən, eyni zamanda, iqtisadi baxımdan analiz olunsun. Çünki şəhər zonalara bölünməlidir. Bunun gecə vaxtları var. Şəhərdə tıxac olan vaxtlarda açıq yolları analiz edib harada neçə yeraltı parkinqmi, küçə parkinqimi, yoxsa, xüsusilə Molların və insanların yaşadığı əsas yerlərdə modul parkinqlər tikilməlidir və onların tarifləri olmalıdır. Şəhər mərkəzinin tarifi fərqli qiymətdə olmalıdır. “B” zonası fərqli qiymətdə olmalıdır. Bununla əlaqədar biz ilin ilk yarısının yekununda görülmüş işlərin nəticələrinə dair digər müvafiq qurumlarla birgə hesabat hazırlayıb Sizə təqdim edəcəyik”.

Prezident İlham Əliyev vurğulayıb ki, bu il görüləsi işlər çoxdur: “Əminəm ki, ilin sonunda biz şəhər nəqliyyatını daha da inkişaf etmiş halda görəcəyik. Çünki bir daha demək istəyirəm, bu, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı üçündür. Onu da bildirməliyəm ki, dövlət xətti ilə böyük məbləğə alınan avtobuslar, əlbəttə, kommersiya baxımından bəlkə də 10 il, 20 ildən sonra özünü doğruldacaq. Biz bunu ona görə edirik ki, insanlar şəhər nəqliyyatından, avtobuslardan təhlükəsizlik şəraitində və rahat şəkildə istifadə etsinlər”.

CANLI YAYIM