Paytaxtda "Kənddən şəhərə" Ramazan yarmarkaları açılıb

Paytaxtda "Kənddən şəhərə" Ramazan yarmarkaları açılıb

23 May, 13:30 Sosial mediada paylaşın:

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ramazan bayramı münasibətilə paytaxtın 3 fərqli nöqtəsində “Kənddən şəhərə” Ramazan yarmarkası təşkil olunub.

Mayın 23-dən 24-dək keçirilən yarmarka Nərimanov, Yasamal və Binəqədi rayonlarını əhatə edir. “Kənddən şəhərə” layihəsi çərçivəsində təşkil olunan yarmarkalarda satılan məhsullar bütünlüklə yerli istehsaldır və iştirak etmək üçün əvvəlcədən müraciət edən fermerlər tərəfindən satışa çıxarılır.

Bu barədə mayın 23-də metronun “Gənclik” stansiyasında açılmış yarmarkada KİV-lərə müsahibə verən “Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mais Musayev bildirib.

Cəmiyyətin nümayəndəsi qeyd edib ki, qarşıdan gələn Ramazan bayramı münasibətilə “Kənddən şəhərə” yarmarkası yenidən fəaliyyətə başlayıb. Belə ki, “Kənddən şəhərə” Ramazan yarmarkası Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (“Space” TV-nin yanı), Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı) və Nərimanov rayonu, “Gənclik” metro stansiyasının yanında açılıb: “Yarmarkalarda, ümumilikdə, 100-dək fermer iştirak edir və 70-dək kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilir. Yarmarkalarda fermerlər karantin rejiminə uyğun olaraq tibbi maska və əlcəklə təmin ediliblər. Bundan başqa, yarmarkaların girişində alıcı və satıcılara dezinfeksiya üçün məhlul qoyulub. Yarmarkanın keçirildiyi ərazilər də dezinfeksiya olunub”.

M.Musayev, həmçinin nəzərə çatdırıb ki, yarmarkaya çıxarılan məhsulların qiyməti digər topdansatış və pərakəndə satış məntəqələrdə olan qiymətlərlə müqayisədə kifayət qədər münasibdir. Bunun səbəblərindən biri də odur ki, bəzi hallarda fermerlərin məhsullarının Bakıya daşınmasında “Aqrar Tədarük və Təchizat” ASC ödənişsiz olaraq logistika xidməti göstərir.

Qeyd edək ki, yarmarkanın təşkilində əsas məqsəd bayramla əlaqədar paytaxt sakinlərinin kənd təsərrüfatı məhsullarına artan tələbatını yerli və təbii məhsullarla ödəmək, kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

CANLI YAYIM