Mikayil Müşfiqin anadan olmasından 112 il ötür

Mikayil Müşfiqin anadan olmasından 112 il ötür

5 İyun, 16:10 Sosial mediada paylaşın:

“Yenə o bağ olaydı...”, “Oxu, tar!”, “Sənə qurban”, “Sənin gülüşlərin” kimi şeirləri ilə hər birimizin qəlbində iz qoyan Mikayil Müşfiq… Bu gün görkəmli şairin anadan olmasından 112 il ötür.

Hər biri şedevr hesab olunmağa layiq əsərləri ilə özü və oxucusu arasında əbədi mənəvi körpü yaradan görkəmli şair Mikayil Müşfiq… Onun ömür kitabını vərəqləyərkən gənc yaşlarında həyatı tərk etmiş bir şairin çoxsaylı əsərlərinə heyrətlənməyə bilmirsən. Körpə ikən anasını, 6 yaşında atasını itirən şair bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. İlk mətbu əsəri olan “Bu gün” şeiri “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq” və digər adlar altında kitabları çap edilib.

Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb. Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır. Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.

CANLI YAYIM