Laçın 28 illik  əsarətdən xilas oldu. 28 illik yurd həsrətinə son qoyuldu. Biz yurdumuza qələbəmizlə qayıdırıq. İndi neçə-neçə ailə bu xəbəri səbirsiklə gözləyir. Vətən müharibəsinin Laçının işğalı ilə yaşıd olan qazisi Arzuman Vəliyevin ailəsi də sevinc içindədir.

“Hər zaman Laçında şəhid olmaq istəyirdim. Çünki o topraqları görmək həvəsində idim. Can atırdım ki, ora gedim, zəng edim deyim ki, Laçındayam. Qismət olmadı, Qubadlıda yaralandım”, deyir qazimiz.

28 il əvvəl anasının qucağında Vətənini tərk edib Arzuman... 44 günlük müharibənin 25 gününü ön cəbhədə vuruşub, sinəsində gəzdirdyi bayrağı doğulduğu torpağa sancmağı qarşısına məqsəd qoyubmuş bu laçınlı qəhrəmanmız.

Qazinin atası Ənvər Vəliyev Laçının özünümüdafiə dəstələrinin tərkibində vuruşub. Deyir ki, oğlum yarım qalan missiyanı uğurla tamamladı, biz Laçınımıza qovuşduq:

“Ağlıma gəlməzdi ki, qucaqda gələn uşaqlar Prezidentimizin ətrafında birləşib torpaqlarımızı işğaldan azad edər. Hər ay o yerləri yuxumda görürdüm, ağlayırdım, bilmirdim haraya gedim. Azərbaycanın hər yeri bizim üçün Vətəndir, amma ora başqadır: havası, suyu, torpağı...”

Arzuman Vətən müharibəsinə könüllü yollanıb. Füzuli, Cəbrayıl, Qubadlı istiqmətlərində gedən döyüşlərdə iştirak edib. Qubadlıda şəhid olan Milli Qəhrəmanımız Şükür Həmidovla çiyin-çiyinə vuruşub. Elə özü də Qubadlıda yaralanıb. Qazimiz deyir ki, döyüş meydanı misli görünməmiş bir yerdir.  O meydanda əsgər yoldaşı həm ana, həm ata, həm də qardaşın olur:

“Vətən həsrəti bizi elə vəziyyətə salmışdı ki, gözümüzə heç nə görünmürdü. Hər bir əsgərimizə təşəkkürümü bildirirəm. Allah şəhidlərimzə rəhmət eləsin. Mən bu gün yaralı olsa da, sağ-salamatamsa, bunun səbəbkarı yenə oradakı qardaşlarımdır”.

İndi bu ailəninin bütün üzvləri ikiqat sevinclidir. Düz 28 ildən sonra doğulub böyüdükləri Vətən torpağına qaydacaqlar. Bu qələbədə onların da övladının payı var. 

Qazinin nənəsi Gilə Vəliyeva deyir ki, döyüşlərdə üç nəvəsi iştirak edib. Qardaşının uşaqları, başqa qohumları da Vətənin çətin günündə on cəbəhədə olublar. Ailəyə Almaniyadan qonaq gələn Rəşad Vəliyev isə geri qayıtmayıb. Deyir, gözlədim ki, bəlkə mənə də ehtiyac olar, şükür ki, qələbə xəbərini vətənimdə eşitdim.

Laçın nə bir quş, nə də bir qarış torpaq adıdır... Laçın Vətəndir. Bir vaxtlar çəkdiyimiz həsrətdir Laçın.. Yoluna baxıb tökdüyümüz göz yaşı idi. Artıq vüqarla dalğalanan Vətən bayrağıdır, Laçın Azərbaycandır! 

Əntiqə Fərəcova