“Ay Laçın, can Laçın,

Mən sənə qurban Laçın...”

Dünyanın ən gözəl musiqisidir, məncə. Bəs Laçın haqqında düşünəndə, danışanda sizin də qulağınıza bu səs gəlirmi?

28 ildir Qızılboğazda düyünlənən sözdür Laçın, bağrımızda dağ boyda Sarı Aşıq, gözümüzdə donub, ürəyimizə hönkürdüyümüz Həkəridir. 1 şəhər, 1 qəsəbə 125 kənddir Laçın. Alıqulular,  Minkənd, Sultankənd, Güləbirddir...

“Bizim kənddə meyvə satan olmurdu. Tökülürdü ağacların dibinə. Mən bu illər ərzində respublikanın hansı yerində nə meyvə yemişəmsə, o meyvənin dadını ala bilməmişəm. Orada adi tut belə bal dadı verirdi. Hansı gün “gedə bilərsiniz” desələr, elə o gündə kəndimizə gedəcəyəm”, - deyir Güləbird sakini Mətləb Məmmədov.

Laçın sakini Azad Məmmədov isə kəndini belə vəsf edir: “Gözəl kənd idi. 400-ə yaxın evi vardı. Hamısı bağın içində. Həkəri çayı böyründən axırdı, zümzüməsi gəlirdi. O zümzümənin həsrətindəyəm...”

Bu gün həsrətin sonu, qurbansız-qadasız qayıdışın günüdür.  Azərbaycan xəritəsinin sol tərəfində 1835 kilometr böyüklüyündə Laçın yarasının sağaldığı, Bakıdan 450 kilometr uzaqlıqda doğma şəhərə yollar açıldığı gündür. Qışın oğlan çağında Həkərinin 28 ilik buzu əriyir bu gün.  Saylar bir-birinə qarışsa da, dekabrın 1-i Laçın günüdür...

Laçınlı Tahir Salahov 30 il əvvəlki məğlubiyyətin səbəbini belə açıqlayır: “Bu ordu, bu millət 30 il bundan qabaq da vardı. Amma yiyəsiz, başsız bir ordu idi. Sərkərdəsiz bir ordu idi. Ona görə məğlub olduq, mən belə deyərdim. Bu gün silah yox, sərkərdə hesabına, birlik hesabına qalib gəldik”.

Laçın Birinci Qarabağ müharibəsində 264 şəhid verib. Onlardan 6-sı Milli Qəhrəmandır. Təkcə Güləbrid kəndinin 12 şəhidi var desəm, ev-ev, kənd-kənd mübarizənin, müqavimətin miqyası aydın olar, yəqin.

24 yaşlı Gəray Məmmədov da öz kəndi, rayonu, Vətəni uğrunda şəhid olan qəhrəmanlardan biridir. Bu gün onun - Vətən qəhrəmanının ailəsində Vətənin işğaldan azad olunması qeyd olunur.

“Gözümüz aydın, Gərayın ruhu şaddır. Döyüşmək taktikası başqa şeydir, qorxmazlıq, vətənsevərlik başqa. Hamı vətənini sevir, amma Gəray başqa bir insan idi”, - deyir Laçın sakini Vüqar Salahov.

Laçınla bağlı planlarımız böyükdür. Qara intiqamçı, boz qisaskar deyilik biz. Ürəyimiz bayraq mavisi ümidlərlə doludur, şəhidlərimizin al qanı bahasına yaşıl bağlar, yaşıl evlər, yaşıl gələcək quracağıq.

Məmmədovlar ailəsi Laçındakı evlərinin açarını da saxlayıb. Bilmirlər ki, onun vaxtilə açdığı qapılar indiyə qalır, ya yox. Amma dəqiq olan odur ki, Laçındakı köhnə evlərinin açarı ilə 28 illik həsrətin qapısını birdəfəlik bağlayacaqlar.

Ayşəm Rüstəmova