Vətən müharibəsi başlayan ilk gün düşmənin müdafiə xəttini yarmaq üçün ön cəbhəyə atılıb şəhid olanlardan biri də Toğrul Abbasovdur.
T. Abbasov Ağcabədi rayon Hacıbədəlli kəndində doğulub. Anasını kiçik yaşlarından itirib.
N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətə başlayıb. Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə atılıb.
Toğrul Abbasov Füzulidə düşmənin müdafiə xəttinin yarılması zamanı qəhrəmancasına şəhid olub, 30 yaşında ən ali arzusuna çatıb.
Ölümündən sonra övladı dünyaya gəlib.
Şəhidin bibisi Asya Məmmədova deyir ki, Toğrul qızına Yağmur adını qoymaq istəyirmiş: “7 ay idi evlənmişdi. Balasını görə bilmədi. Arzusu var idi. Deyirdi ki, qızım olarsa, adını Yağmur qoyacağam. Biz onun arzusunu yerinə yetirdik. Atasını qızına şəkillərdən tanıdacağıq”.
Yaxınları Toğrulun mərd, cəsarətli, vətənpərvər, ailəcənlı olduğunu söyləyir.
Toğrul Abbasov döyüşdə qəhramanlıq göstərdiyi üçün ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Pərviz İmranoğlu