Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qar ən çox Qaxın Sarıbaş kəndinə düşüb. Burda qar örtüyünün hündürlüyü 42 sm çatıb. Ağdərədə isə 29, Şahdağda 28 sm olub. Düşən yağıntının miqdarı İmişlidə aylıq normanın 100 faizi, Şərurda 88 faizi, Neftçalada isə 96 faiz təşkil edib. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 4-6 dərəcə, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta olub. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzərdə dalğanın hündürlüyü 4.3 metrə çatıb. Respublikanın əksər bölgələrində hava şəraitinin dəyişməsi ilə əlaqədar meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədilə, Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi bir daha sürücülərə və piyadalar müraciət edərək son dərəcə diqqətli və ehtiyatlı olmağı tövsiyə edir.