Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) həyata keçirdiyi mina və partlamamış hərbi sursatın təmizlənməsi əməliyyatı barədə məlumat yayıb.
ANAMA-dan bildiriblər ki, Agentliyin mina və partlamamış hərbi sursatın təmizlənməsi əməliyyatları Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər rayonlarında və Şuşa şəhərində aparılır.
Bərdə-Ağdam, Füzuli (Horadiz)-Zəngilan (Ağbənd) dəmir-yolu xətləri, Füzuli-Şuşa, Suqovuşan-Talış-Tapqaraqoyunlu istiqamətində avtomobil yollarının, Füzuli-Şuşa, Ağdam və Tərtər rayonunun Suqovuşan kəndinə çəkiləcək yüksək gərginlikli elektrik xəttinin keçəcəyi ərazilərin, Ağdam, Qubadlı və Zəngilan rayonları ərazisində əkin sahələrinin mina və partlamamış hərbi sursatdan təmizlənməsi əməliyyatları davam edir.
Mina və partlamamış hərbi sursatın təmizlənməsi əməliyyatları əllə minaaxtarma, mexaniki minatəmizləmə maşınlarının və minaaxtaran itlərin dəstəyi ilə həyata keçirilir.
Ötən il sentyabrın 27-dən etibarən aparılmış minatəmizləmə əməliyyatları zamanı 16 milyon 586 min 32 kvadratmetr ərazi yoxlanılıb, piyada və tank əleyhinə 9584 mina, 7081 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Agentlik bir daha bildirir ki, işğaldan azad edilmiş ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdir və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qadağandır.