Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 9-u saat 18:15 radələrində rayonun işğaldan azad edilən Yuxarı Seyidəhmədli kəndindən Alxanlı kəndi istiqamətində nəzarət postundan kənar yollarla icazəsiz keçən “VAZ-2106” markalı avtomobilin sürücüsünə növbəti nəzarət postunda “saxla” işarəsi verilib. Sürücü polis əməkdaşının qanuni tələbinə tabesizlik göstərərək, avtomobili onların üzərinə sürməklə polis əməkdaşının və Daxili Qoşunların hərbi qulluqçusunun ayaq nahiyələrinə xəsarət yetirərək ərazidən uzaqlaşmağa cəhd göstərib. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobil rayonun Kərimbəyli kəndində saxlanılaraq Füzuli Rayon Polis Şöbəsinə gətirilib. Araşdırmalarla sürücü və sərnişinin Beyləqan rayon sakinləri Zamir Əhmədov və əvvəllər məhkum edilmiş Zamiq Fərzəliyev olduğu, onların əlvan metal yığmaq məqsədilə həmin ərazilərə keçmələri müəyyənləşib. Hazırda faktla bağlı araşdırma aparılır.