Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Quliyev Elman Mətləb oğlunun qanunsuz əməlləri ilə bağlı daxil olan vətəndaş müraciəti əsasında aparılan araşdırma nəticəsində rayon prokurorluğunda cinayət işi başlanıb.

Aparılan istintaq zamanı Elman Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2020-ci il ərzində müxtəlif vaxtlarda xəstəxanaya stasionar müalicəyə koronavirus infeksiyasına yoluxmuş xəstə qəbul olunmadığı halda, həmin xəstəxanada işləyən qeyri-tibb və digər işçilərə müddətli əlavənin ödənilməsi ilə bağlı hesablama cədvəli barədə məlumatları hazırlamasına, müvafiq sənədləri imzalayıb möhürlə təsdiqlədikdən sonra həmin işçilərə bank vasitəsilə ümumilikdə 25 min manat məbləğində müddətli əlavənin ödənilməsini təmin etməklə dövlətin mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyənləşdirilib. Aprelin 22-də Quliyev Elman Mətləb oğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. İstintaq zamanı vurulmuş maddi ziyanın tam ödənilməsi təmin olunub. Cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdırılaraq, məhkəməyə göndərilməsi nəzərdə tutulub.