Gömrükçülərin həyata keçirdiyi daha bir əməliyyat uğurla nəticələnib. 244 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslamdan Gürcüstana “Bitum membranı” yükü aparan avtomobil saxlanılıb və gömrük nəzarətinə cəlb olunub. Avtomobilin qoşqusunun altında kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən 480 ədəd bağlama, həmin bağlamalarda isə qablaşdırılma ilə birgə çəkisi 244 kq 344 qram olan narkotik vasitə-heroin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Son iki həftə ərzində gömrükçülərin həyata keçirdiyi əməliyyatlar nəticəsində 5 fakt üzrə 730 kq 788 qram çəkidə narkotik vasitələrin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.