Azərbaycan region ölkələri arasında vaksinasiyaya başlayan ilk ölkədir. Yanvardan start verilən prosesdə indiyədək Çin istehsalı olan “Coronavac” vaksinindən istifadə edilirdi. Dünəndən isə daha bir vaksinin - İngiltərənin Oxford Universitetinin istehsalı olan “AstraZeneca” vaksinin istifadəsinə başlanıldı. Bu peyvənd ilkin olaraq 60 yaş və daha yuxarı şəxslərə vurulacaq.
2 saylı şəhər poliklinikasının şöbə müdiri Mətanət Şirinova deyir ki, bu zamana kimi vaksin vurulan şəxslərdə hər hansı əlavə təsir müşahidə edilməyib: “Peyvəndlənmiş şəxsi özünü pis eləməyi kimi bir hal olmayıb, hər bir vaksin olunan şəxs ən azı 15 dəqiqə oturur, gözləyir. Bu müddət ərzində biz onlara nəzarət edirik”.
Bu gün dünyanı düşündürən əsas məsələ vaksinlərin ədalətli bölgüsü ilə bağlıdır. Bir çox dövlətlərlə vaksin istehsal edən şirkətlər arasında əvvəlcədən müqavilələr bağlansa da, sonradan bəzi şirkətlər öhdəliklərini tam yerinə yetirməkdə ya çətinlik çəkir, ya da bilərəkdən məsuliyyətsizlik edir. Mövcud vəziyyətə baxsaq, demək olar ki, yalnız inkişaf etmiş ölkələr vaksin əldə edə bilir. Azərbaycan vətəndaşının sağlamlığı üçün müxtəlif vasitələrdən, ölkə başçısının şəxsi nüfuzundan istifadə edərək vaksin əldə edən və vaksinasiya tədbirlərinə start verən ilk ölkələr sırasında yer almağı bacarıb. Hazırda da vaksinasiya davam edir.
Ölkəmizdə 3 fərqli vaksinin tətbiqi planlaşdırılır. “Sinovac” vaksini artıq yanvardan istifadə olunduğu üçün vətəndaşlar arasında bu vaksinlə bağlı məlumatlılıq, demək olar ki, kifayət qədərdir. Amma “AstraZeneca” və “Sputnik V” vaksinləri ilə bağlı suallar da yaranır. Nəzərə almaq lazımdır ki, bütün vaksinləri uzun müddətdir müxtəlif dövlətlər istifadə edir və Azərbaycan tərəfindən xaricdə tətbiq olunan bütün vaksinlərin effektivliyi, yan təsirləri ciddi izlənilir və təhlükəsizliyi ilə bağlı problemlərin minimum olduğuna qərar verildikdən sonra ölkəmizə gətirilir. Azərbaycanda hətta səyyar briqadalar vasitəsilə də vaksinasiya aparılır.
Vaksinasiya pandemiyadan qurtulmağın ən effektiv yoludur. Amma bu o demək deyil ki, artıq pandemiya geridə qalıb və ya vaksin olunmuş şəxs yoluxmayacaq. Vaksinasiya ilə yanaşı, özünüqoruma da mütləqdir. Təəssüf ki, bu gün hələ də bəzi qaydaları kobudcasına pozanlarla rastlaşırıq.
Hər gün artan rəqəmlər həm də artan təhlükə deməkdir, ona görə də öz sağlamlığımızı qorumaqla yanaşı, ətrafdakılarımızın, yaxınlarımızın sağlamlığının qeydinə qalmalı və lazımi qaydalara əməl etməliyik.
David Nuraşvili