Azərbaycanın milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətin vaxtında aşkarlanması və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti kompleks mübarizə tədbirləri aparır.
Həyata keçirilən növbəti tədbirlər nəticəsində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub.
Azərbaycan vətəndaşlarının ölkə hüdudlarından kənarda, digər dövlətlərin ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmələri ilə əlaqədar toplanmış materiallar əsasında əməliyyat-istintaq tədbirləri aparılıb. Araşdırmalar nəticəsində, Azərbaycan vətəndaşları – 1977-ci il təvəllüdlü Məmmədov Yəhya Şərməddin oğlunun, 1985-ci il təvəllüdlü Cəbiyev Elnur Güloğlan oğlunun və qeyrilərinin ölkə hüdudlarından kənarda aparılan münaqişələrdə qanunsuz silahlı birləşmələrin tərkibində iştiraklarına dair əsaslı şübhələr müəyyən edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yəhya Məmmədov və Elnur Cəbiyevin müvafiq olaraq 2010-cu ilin noyabr və dekabr aylarında ölkəni tərk edərək əvvəlcə İran, oradan isə qeyri-leqal yollarla Pakistana keçdikləri və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində “Taliban” hərəkatına tabe olan “Səlahəddin” camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri məlum olub. Qeyd olunan faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılan cinayət işi üzrə Yəhya Məmmədov və Elnur Cəbiyev saxlanılaraq Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hər iki şəxs törətdikləri cinayət əməllərini etiraf edərək peşmançılıq hissi keçirdiklərini bildiriblər. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.