Güllü Yoloğlu

türkoloq,

AzTV-nin Türkdilli Dövlətlərlə Əlaqələr şöbəsinin müdiri

 

              Məlum olduğu kimi, 2009-cu il oktyabr ayının 3-də Naxçıvanda keçirilmiş Zirvə Görüşündə türk dövlətləri arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradılıb. O vaxt saziş Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan liderləri tərəfindən imzalanıb.

             Qurumun yaradılmasından ötən illər ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları, eləcə də digər sahələrdə əməkdaşlıq genişlənmiş, BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq yaranıb.

           Bu gün TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası kimi qurumların sayəsində zəngin maddi və mənəvi irsimiz tədqiq olunur, dünya çapında təbliği ön plana çəkilir. Türkdilli Ölkələrin Parlament Assambleyası bir neçə parlamentlərarası təşkilatlarla sıx və uğurla əməkdaşlıq edir. Bütün bu tədbirlər Azərbaycan Televiziyası tərəfindən, əsasən, ictimai-siyasi proqramlar vasitəsilə hərtərəfli işıqlandırılır, geniş tamaşaçı kütləsinə çatdırılır.

          2019-cu il oktyabrın 15-də Bakıda Türk Şurasının yaradılması haqqında Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə həsr edilən VII Zirvə Görüşünün keçirilməsi, Özbəkistanın da Türk Şurasına qoşulması, Azərbaycanın Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul etməsi, Türk Şurasının 2020-ci il Sammitinin Azərbaycanın torpaqlarını işğaldan azad etməsi səbəbindən təxirə salınması, elə müharibənin ilk günlərində (28 sentyabr 2020-ci il) Türk Şurasının Qazaxıstandan olan baş katibi Bağdad Amreyevin adından Azərbaycanı dəstəkləyən bəyanatın yayılması, Qazaxıstanın və Qırğızıstanın KTMT-də olmalarına baxmayaraq Qarabağ məsələsində qardaşlıq münasibəti sərgiləmələri və bir çox digər səbəblər AzTV-ni yalnız istimai-siyasi verilişləri ilə deyil, Türk Şurası ölkələrinin tarixini, etnoqrafiyasını, folklorunu, musiqisini, qədim abidələrini, sənətkarlıq nümunələrini və s. özündə cəmləşdirən, türkdilli respublikaların teleməkanında ilk olan “Türk Dünyası” elmi-bədii layihəsi ilə də gündəmə gətirdi.

            Öncə onu deyək ki, layihənin ideya müəllifi AzTV-nin sədri Rövşən Məmmədovdur. Doğrudur, bu vaxta qədər elə mənim özümün də hazırladığım “Soyumuz, soykökümüz”, “Türk elləri”, “Böyük Çöl” kimi radio və televiziya verilişləri, Z.Azayevanın hazırladığı “Turan” verilişi olub və bu verilişlər öz zamanında tamaşaçılarımızın türk xalqları ilə tanışlığı yönündə önəmli rol oynayıblar. Lakin bu son layihə orijinallığı ilə onlardan çox fərqlənir.

            Artıq dövr, zaman dəyişir, əlaqələr yeni mərhələyə qədəm qoyur, ölkəmiz kimi ana televiziyamız da müasir dövrün tələbləri ilə dəyişir və bu dəyişikliklər özləri ilə bərabər yeni layihələrə yol açır. Onlardan biri də AzTV-də Beynəlxalq Departamentin yaradılmasıdır. Düşünürəm ki, Beynəlxalq Departament yaradılmasaydı, bu layihəni həyata keçirmək o qədər də asan olmayacaqdı. Deyəcəksiniz ki, AzTV-də Beynəlxalq şöbə həmişə olub. Olub, amma o şöbənin əsas işi xaricə gedən əməkdaşların pasport, viza məsələlərini həll etməkdən, rəsmi sənədlərin hazırlanmasından ibarət olub (hazırda bu işlə Departamentin Protokol şöbəsi məşğul olur). Təbii ki, bu da rəhbərliyin “Beynəlxalq şöbə” anlayışından irəli gəlirdi. Uzun illər bağlanılan müqavilələrin sayı çox olsa da, kağız üzərində qalmış, ciddi qarşılıqlı əlaqə müşahidə edilməmişdir.

            Yeni yaranan Departamentin fəaliyyət göstərdiyi bu qısa müddət ərzində dünyanın əksər ölkələri ilə sıx əlaqələr qurulub, müqavilələr bağlanılıb, memorandumlar imzalanıb. Müxtəlif dillərdə danışan ekspertlərin Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı fikirləri, telekörpülər adi hal alıb. Qeyd edim ki, Beynəlxalq Departamentin nəzdində dünyanın bütün ölkələrini əhatə edən şöbələr var. Onlardan biri də mənim öhdəmə verilən Türkdilli ölkələrlə əlaqələr şöbəsidir. Bizim əsas vəzifəmiz türkdilli dövlətlərin aparıcı telekanalları ilə Azərbaycan Televiziyasının, dolayısı ilə də Azərbaycan ictimaiyyətinin türk xalqları ilə mənəvi bağlarını gücləndirmək, ortaq kökümüzü, ortaq adət-ənənələrimizi, dilimizi, maddi və mənəvi mədəniyyətimizi öyrənmək, təbliğ etməkdir. Hər sahədə olduğu kimi, bu sahədə də AzTV telekanallara öncüllük edir...

         İndi gələk layihənin həyata keçirilməsi məsələsinə.

         “Türk dünyası” layihəsinin əsas incəliyi onun bütün türk dövlətlərinin jurnalistləri tərəfindən hazırlanmasıdır. Yəni ortaq dəyərlərimizə bir ortaq verilişimiz də daxil oldu deyə bilərik. Qardaş respublikaların televiziya kanalları ilə aparılan danışıqlar sayəsində həftəlik veriliş olan “Türk dünyası” üçün onlardan bizə öz dillərində 3-4 dəqiqəlik reportajlar, süjetlər göndərir, biz də öz növbəmizdə orijinaldan Azərbaycan türkcəsinə çevirərək subtitrlərlə veririk. Təbii ki, mənə uzun illər türk xalqlarını öyrənən tədqiqatçı kimi orijinaldan çevirmək çətin deyil. Düşünürəm ki, videomaterialların hər kəsin öz dilində səslənməsi bir-birimizin dilimizə daha yaxından bələd olmağımız, oxşar və fərqli cəhətlərin dərəcəsini anlamağımız üçün çox əhəmiyyətlidir. Elə verilişin ən gözəl, ən yeni tərəfi də budur.

          Türkiyədən aldığımız materialları çevirmədən verməyimiz isə Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” tarixi mesajından irəli gəlir.

             İlk verilişimizdə materialların rus dilində mətnini alsaq da, tərcümə zamanı yaranan anlaşılmazlıqlara görə artıq çevirmələri orijinal mətndən edirik. Bu da verilişi daha baxımlı edir. Qazaxca, qırğızca, özbəkcə və türkməncədəki materiallar üzərində işləyərkən dilimizdə olan, lakin istifadə etmədiyimiz bir çox söz ortaya çıxır. Subtitrlərin danışıqla üst-üstə düşməsi vacib məqamlardandır. Beləliklə, Azərbaycan, eləcə də digər türk respublikalarının tamaşaçıları dillərimizin nə qədər eyni olduğunu görürlər. Tələffüz fərqi, özününküləşdirmə zamanı ərəb-fars sözlərinin dəyişdirilməsi, bəzən tamamilə tanınmaz hala düşməsi müəyyən çətinlik yaratsa da, qısa müddətə qulaq alışması sayəsində bütün problemlər aradan qalxır.

            Layihə türk dövlətlərinin ortaq səyi nəticəsində ərsəyə gəlsə də, AzTV-nin təşəbbüsü ilə həyata vəsiqə alıb. Artıq Türkiyə tərəfi “Türk dünyası” verilişinin öz kanallarında göstərilməsi istəyini ifadə edir. Gələcəkdə digər ölkələrin aparıcı televiziya kanallarında göstəriləcəyi istisna deyil. Onu da qeyd edim ki, verilişə qoşulmaq istəyən türk xalqlarının sayının artacağı da istisna deyil. Bu da 30 dəqiqəlik verilişin gələcəkdə 45 dəqiqə və ya 1 saat olması deməkdir.

            İqtisadi maraqların dünyanı idarə etdiyi bir vaxtda türk dövlətləri arasındakı münasibətlər yalnız öz maraqlarını önə sürən, hər şeyə bu prizmadan yanaşan ölkələrə nümunədir. Bu münasibətlər etnik, dini birliklə bərabər həm də ruh birliyi, mənəviyyat, mədəniyyət, tarix, əqidə birliyi ilə güclüdür. Bunu göstərmək də AzTV-nin türk dünyasında ilk olan “Türk dünyası” verilişinin vəzifəsidir. İnanırıq ki, bu vəzifənin də öhdəsindən layiqincə gəlirik.