Respublika əhəmiyyətli yollarda genişmiqyaslı təmir-bərpa işlərinin aparılması, avtonəqliyyat parkının müasir standartlar səviyyəsində yenidən qurulması ilə əlaqədar, 10 il əvvəl gecə saatlarında paytaxtdan regionlara və əks istiqamətdə avtobusların hərəkətinə məhdudiyyət qoyulmuşdu. Lakin həm sərnişinlərin müraciətləri, həm də yol infrastruktrunun yaxşılaşdırılması bu qadağanın aradan qaldırılmasına şərait yaradıb.
Nazirlər Kabinetinin etdiyi dəyişikliyə əsasən, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara doğru gecə reysləri yenidən bərpa olunacaq. Şəhərlərarası ilk reys oktyabr ayının 1-də həyata keçiriləcək.
Gecə reysləri zamanı təhlükəsizlik qaydalarının təmin edilməsi məqsədilə hər iki istiqaməti iki dar zolaqdan ibarət olan, xüsusilə dağ relyefli avtomobil yollarında sərnişin daşımalarına icazə verilməyəcək. Uzaq məsafələrə nəzərdə tutulan marşrutlar üzrə nəqliyyat vasitələrində iki sürücü çalışacaq.
Sınaq rejimi payız və qış ayları boyunca davam edəcək. Növbəti ildən ehtiyac yaranarsa, prosesə yeni avtobuslar cəlb olunacaq.
Sabir Bilalov