Bu gün “Azərspace-2” peykinin orbitə buraxılmasından 1 il ötür.
Hər bir dövlətin süni peykə sahib olması onun gücünün və beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir. Azərbaycanın 3 süni peykinin fəzaya buraxılması da beynəlxalq aləmdəki qarşılıqlı əməkdaşlıq çərçivəsində etibarlı tərəfdaş olduğunu göstərir.
Bəs bu peyklər ölkəyə nə qazandırır?
- İlk növbədə süni peyklərin orbitə çıxarılması informasiya müstəqilliyinin və təhlükəsizliyinin təminidir.
- Digər tərəfdən, bu, kommersiya xarakterli gəlir mənbəyidir.
2009-cu ildə Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” sayəsində 2013-cü ilin fevralında ilk telekommunikasiya peyki - “Azerspace-1” orbitə buraxılıb.
Bu peyk ölkəmizə telekommunikasiya sahəsində digər ölkələrdən asılılığının aradan qaldırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi kimi üstünlükləri təmin edib. Eyni zamanda, “Azərspace-1” ötən əsrin sonlarında ölkəmizin üzləşdiyi informasiya blokadasının yenidən ortaya çıxma riskini aradan qaldırıb. Bir sıra dövlət qurumları arasında peyk rabitəsi “Azerspace-1” üzərindən təmin edilməyə başlanıb. Xəzər dənizində üzən Azərbaycan gəmilərində və neft platformalarında peyk rabitəsi və internet xidməti “Azerspace-1” vasitəsilə təmin edilib. “Azərspace-2” peykinin orbitə buraxılması isə bu sahədə gəlirlərimizin artırılmasına hesablanıb.
Bu gəlirlərin artırılması, kosmik sənayenin daha da inkişaf etdirilməsi bu gün dövlət siyasətinin prioritetlərindəndir.
Vüsal Qaraca