Oktyabrın 1-dən etibarən mədəniyyət obyektlərinin, kinoteatrların, teatrların və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti bərpa edilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istirahət və əyləncə məkanları, həmçinin uşaq əyləncə məkanları kateqoriyasına kompyuter-oyun ("PlayStation") zalları və salonları da daxildir.
Qeyd olunub ki, qapalı məkanlarda göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər, 18-dən yuxarı olmayan şəxslərdən isə COVID-19 pasportu tələb olunmur. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara COVID-19 infeksiyası əleyhinə peyvəndə əks-göstəriş sertifikatı ilə daxil ola bilərlər.
Fəaliyyəti bərpa olunan digər qapalı məkanlarda olduğu kimi kompyuter-oyun ("PlayStation") zal və salonlarında tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə tətbiq edilən digər tələblərə riayət olunmalıdır. Bununla bağlı müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılacaq, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.
COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri üzrə fəaliyyət göstərən məkanlarda qeydə alınan pozuntu hallarına görə məkan sahibi birbaşa cavabdehlik daşıyır.