Bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə var. O peşə ki həkimi həkim, mühəndisi mühəndis, jurnalisti qələm sahibi edir. Bir sözlə, hər kəsin taleyində yeri var. “Mənə bir hərf öyrədənin köləsi olaram” deyib imam Əli. Bu gün məhz bu peşə sahiblərinin - müəllimlərin günüdür.

5 oktyabr 1966-cı ildən dünyanın 100-dən çox ölkəsində Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncam Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyən Ümumilli liderimiz hər zaman təhsilə və bu şərəfli adı daşıyan müəllimlərə yüksək qiymət verib.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu təhsil islahatları, bu sahəyə və bu peşənin nümayəndələrinə verdiyi dəyər, qiymət bu gün  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər zaman çıxışlarında Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri olduğunu vurğulayan dövlət başçısı özü də bu fəaliyyətlə məşğul olub və özünü müəllim peşəsinə heç bir vaxt yad hesab etməyib.

Təhsil naziri Emin Əmrullayev bu xüsusi günlə bağlı “AzTV Xəbər”ə açıqlamasında bildirib ki, müəllimlər təhsil sisteminin ən vacib elementidir: “İnanıram ki, müəllimlərimiz Azərbaycanın inkişaf etməsi istiqamətində ciddi uğurlara, nailiyyətlərə imza atacaqlar”.

Müəllimlər özündən sonra nəsillər böyüdür və o nəsillərdən də müəllimlər yetişir.

Professor Cahangir Məmmədli isə deyib ki, müəllim sözünün özü belə müqəddəsdir: “Bizi müəllim tərbiyə edib. Yənu müəllimi də müəllim tərbiyə edir. Posmüharibə, yeni quruculuq dövründə biz necə hərəkət etməliyik -bunu şagirddən başlayıb tələbəyə qədər hamıya müəllim aşılayır. Ona görə də müəllim sözü müqəddəs sözdür”.