Düz bir il əvvəl cəbhə bölgəsindən 10 kilometrlərlə məsafədə yerləşən Bərdə şəhəri ilk dəfə, Gəncə isə ikinci dəfə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub.

2020-ci ilin sentyabr-noyabr aylarında Ermənistanla Azərbaycan arasında baş verən 44 günlük müharibə zamanı Ermənistan hərbi qüvvələri qeyri-qanuni olaraq Azərvaycana qarşı hərbçilər və mülki əhali arasında fərq qoymadan kassetli silahlardan istifadə ediblər. Gəncəyə oktyabrın 4-də ilk hücum zamanı 1 mülki şəxs -  Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 30-dan çox mülki şəxs yaralanıb. Bu raket hücumu müharibənin getdiyi  bölgədən kənara edilən ilk ciddi hücum idi. Növbəti dəfə isə oktyabrın 5-də 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktyabrın 8-də baş verib. Həlak olan və yaralanan olmasa da, növbəti dəfə 10 mülki şəxs şəhid olmuş və 40-dan çox insan yaralanmışdı. Beşinci raket hücumuyla isə hamısı mülki şəxslər olmaqla 16 nəfər şəhid olub, 55 nəfər isə yaralanıb. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəyib.

Bərdəyə düşən raketlər isə bir nəfərin ölümünə, 3 nəfərin yaralanmasına səbəb olub. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi sentyabrın 27-dən başlayaraq təxribatçı əməllərini davam etdirərək Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozub, Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutaraq, mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədib. Bütün beynəlxalq norma və prinsipləri ayaq altına ataraq dinc əhalini, çoxsaylı ev və mülki obyekti, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edən düşmən əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını seçib.

Təcavüzkar Ermənistanın törətdiyi müharibə cinayətlərinin qarşısının alınması və cinayət törətmiş şəxslərin cəzalandırılması istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar, beynəlxalq məhkəmələr tərəfindən ciddi tədbirlərin görülməməsi isə həmin şəxslərin insanlıq əleyhinə yeni cinayət əməlləri törətməsinə zəmin yaradır.