Ailə biznesi ilə məşğul olanlar əvvəllər də məhsul istehsal etsələr də, onu geniş kütləyə çıxarmağın yolunu bilmirdilər. Dövlətin dəstəyi ilə yaradılan ABAD mərkəzləri sayəsində bu iş xeyli asanlaşdı. Vətəndaşlar hazırladıqları məhsulları vahid məkandan satmaq imkanı əldə etdilər. Bu ilin sonunadək daha üç ABAD mərkəzinin açılışı gözlənilir.
ABAD bir platformadır və ətrafında bu gün 394 ABAD-çı ailə cəmləşib. Onun 320-dən çoxu sırf sənətkarlıq peşəsi üzrə fəaliyyət göstərir.
Sənətkarlıq məhsullarına alıcıların təlabatı nəzərə alınaraq bu ilin sonunadək Nardaran ABAD Keramika və Dekorativ-Tətbiqi Xalq Sənətkarlığı Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur.
ABAD-ın yaradılmasında əsas məqsəd kiçik və orta sahibkarlara dəstək olunması, məşğulluq səviyyəsinin artırılmasıdır. ABAD konsepsiyasının artıq ixrac imkanı da var. Məsələn, Qazaxıstanın Türküstan vilayətiylə ilin sonunadək əməkdaşlığın başlanılması planlaşdırılıb. Bununla da ABAD həmin vilayətdə sənətkarlıq mərkəzinin qurulması istiqamətində mühüm addım atacaq.