Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulması prosesi davam etdirilir. Hər biri ayrıca elektrik stansiyası statusunda olan 8 enerji bloku növbəli şəkildə təmir olunur.

“Azərbaycan” İstilik Elektrik Stansiyasında ötən ilin payızından başlayaraq indiyədək 4 blokda yenidənqurma işləri aparılıb, 1 blokda isə yekunlaşmaq üzrədir. Digər 3 enerji bloku da növbəli şəkildə yenidən qurulacaq. Paralel olaraq, “Azərbaycan” İstilik Elektrik Stansiyasında yerləşən ölkənin 2 ən böyük yarımstansiyasından biri olan 500 kilovoltluq yarımstansiyada işlərin 95 faizi görülüb. Ötən ilin iyulunda qəza baş verən 330 kilovoltluq yarımstansiyada isə yenidənqurma davam etdirilir və işlərin yarıdan çoxu görülüb. 330 kilovoltluq yarımstansiyanın idarəetməsi üçün tikilən mərkəzdə işlər tamamlanıb.

Qarabağ kanalının üzərindən əhali üçün tikilən körpünün tikintisi və yolun çəkilməsi prosesi də yekunlaşıb və istifadəyə verilib. Həmçinin stansiyanın 6 mərtəbəli mühəndis korpusu tamamilə yenidən qurulub. Tikilən baş idarəetmə mərkəzində isə işlər yekunlaşıb, hazırda idarəetmə vasitələrinin sazlanması aparılır.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev Azərbaycan Televiziyasına açıqlamasında bildirib ki, istismar müddətini çoxdan keçən “Azərbaycan” İstilik Elektrik Stansiyası yenidən qurulduqdan sonra ömrü ən azı 20 il uzadılacaq: “320 meqavat itirilmiş güc bərpa ediləcək. Ən əsası isə elektrik stansiyasının etibarlığı, dayanıqlığı və təhlükəsizliyi təmin olunacaq”.

Qeyd edək ki, “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidənqurulması prosesinin gələn ilin birinci yarısında yekunlaşdırılması planlaşdırılıb.

Orxan Qasımlı