Ötən ilin noyabrından bu günədək 20 min hektara yaxın ərazi mina və partlamamış sursatdan təmizlənib. Mina ilə ən çox çirkləndirilən yerlər Füzuli, Ağdam və Tərtər, keçmiş təmas xətti boyunca yerləşən ərazilərdir.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə müsahibəsində deyib.
V.Süleymanov qeyd edib ki, Azərbaycan ərazisinin minalarla çirklənmə səviyyəsinə görə dünyada ilk üçlükdə yer alır. Ermənilər işğal dövründə sıx və ikiqat minalar, tələ məftillərindən istifadə etməklə minalar basdırıblar. Qoyulan müxtəlif minaların altına partlayıcı qurğular yerləşdirilib.
ANAMA sədri azad olunan ərazilərdə son zamanlar insanların minaya düşməsi hallarının təmizlənməmiş əraziyə girişlər nəticəsində baş verdiyini vurğulayıb.